×
A
A
A
Sazlamalar

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Pekin, 8 may, AZƏRTAC

Çinin Cıcian Pedaqoji Universitetində keçirilən 16-cı beynəlxalq mədəniyyət festivalında Azərbaycan stendində milli mətbəximizin nümunələri, mədəniyyətimizi və tariximizi əks etdirən kitablar, suvenirlər və digər materiallar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, “Bir-birimizdən öyrənək, birlikdə inkişaf edək” devizi altında keçirilən festivalda universitetdə təhsil alan və 40-dan çox ölkəni təmsil edən tələbələr, o cümlədən azərbaycanlı tələbələr milli mədəniyyətlərini nümayiş etdiriblər. Milli geyimdəki tələbələrimiz Azərbaycan stendini ziyarət edənlərə ölkəmizin tarixi, müasir inkişafı haqqında məlumat veriblər.
Festival ilə yanaşı, BMT tərəfindən elan olunan Beynəlxalq Çin Dili Günü münasibətilə “Gənc çinşünasların dialoqu” adlı elmi tədbir də keçirilib. Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, fəlsəfə doktoru Aqşin Əliyev universitetin Çin dili ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb, onları maraqlandıran suallara cavab verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Mədəniyyət 2024-05-08 19:37:00