×
A
A
A
Sazlamalar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Bəstəkarlar İttifaqından bildirilib.
İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycanın musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin böyük tarixi əhəmiyyətini qeyd edib. Ulu Öndərin hər zaman bəstəkarlarımıza göstərdiyi qayğı və diqqəti xüsusi vurğulayıb.
O, eyni zamanda Ankarada Heydər Əliyevin elm və incəsənət xadimləri ilə görüşünü əks etdirən “Heydər Əliyev. Təltiflər” adlı kitabın işıq üzü görməsini və bunun Ümummilli Liderin irsinə daha bir dəyərli töhfə olduğunu qeyd edib. Sədr ötən il Ulu Öndərin 100 illik yubileyində Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən ərsəyə gələn (ideya müəllifi Firəngiz Əlizadə, tərtibçi-müəllif Səadət Təhmirazqızı) “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabında Ümummilli Liderin musiqi sənətinə olan münasibətinin tarixi faktlarla təqdim olunduğunu və bu kitabın hər bir musiqiçi üçün dəyərli mənbə olduğunu söyləyib.
Tədbirdə qocaman bəstəkarımız Tofiq Bakıxanov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.
Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Heydər Əliyev və Azərbaycan musiqi xadimləri”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Heydər Əliyevə həsr olunan musiqi əsərləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı haqqında” məruzələrlə çıxış edərək Ümummilli Liderin Azərbaycan musiqi mədəniyyətində misilsiz xidmətlərindən söhbət açıblar.
Eyni zamanda tədbirdə iştirak edən Bəstəkarlar İttifaqının üzvləri də Ulu Öndərlə bağlı xatirə və düşüncələrini bölüşüblər.
Tədbirdə Heydər Əliyev dühasına həsr olunan musiqi əsərlərindən nümunələr səsləndirilib.



 

 

Mədəniyyət 2024-05-08 17:50:00