×
A
A
A
Sazlamalar

Qadın 9 il sonsuzluq sonrası əkiz körpələr dünyaya gətirib

Bakı, 26 may, AZƏRTAC
Qadın 9 il sonsuzluq sonrası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda əkiz körpələrini dünyaya gətirib.
AZƏRTAC Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna istinadla bildirir ki, hamiləlik periodunda Birinci mamalıq şöbəsinin müdiri Kəmalə Heydərovanın nəzarətində olan pasiyentə hamiləliyin 34-35-ci həftələrində vəziyyəti ilə əlaqədar icra olunan uğurlu qeysəriyyə kəsiyi əməliyyatı ilə əkiz körpələr dünyaya gəlib. Dünyaya gələn qız uşaqlarının birinin çəkisi 2 kilo 400 qram, digərinin - 2 kilo 900 qram olub.
Vaxtından əvvəl dünyaya gələn əkizlər Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb və orada həkim-neonatoloq Yaqut Rəhimovanın nəzarətində olub. Hər iki uşağa tənəffüs pozulması, morfofunksional yetkinsizlik əlamətləri, I və II dərəcəli qansızma diaqnozları ilə stasionar müalicə planı təyin olunub.
Tibbi heyətin nəzarətində olan yenidoğulmuşlara tənəffüs terapiyası, antibakterial və antifunqal müalicə icra olunub. Təxminən 40 gün müddətində aparılan intensiv terapiya və müalicə tədbirləri nəticəsində uşaqlar ailəsi ilə birlikdə kafi vəziyyətdə evə yola salınıb.

 

Səhiyyə 2023-05-26 14:16:00