×
A
A
A
Sazlamalar

Alkoqollu içkilərin istehlakı orqanizmdə əzələ kütləsinin itirilməsinə səbəb olur

Bakı, 26 may, AZƏRTAC
Alimlər aşkar ediblər ki, çox miqdarda spirtli içki qəbul edən insanlarda bir müddət sonra əzələ kütləsi azalır.
AZƏRTAC Medical News saytına istinadla bildirir ki, İngiltərənin East Anglia Universitetinin tədqiqatçıları yüksək miqdarda alkoqollu içki istehlak etməyin əzələ kütləsinə təsirini tədqiq etmək üçün biotibbi resurslar bazası olan UK Biobankdan 37-73 yaşarası təxminən 200 min insanın məlumatlarını araşdırıblar. Bədən ölçüləri oxşar olan insanların məlumatları araşdırmaya daxil edilərkən, onların fiziki aktivlik səviyyələri və zülal istehlak nisbətlərinə diqqət yetirilib.
İnsanların bədən ölçülərinə nisbətdə sahib olduqları əzələ kütləsi ilə spirt istehlakı arasındakı əlaqəni tədqiq edən araşdırmada, xüsusilə 50-60 yaşarası insanlar arasında spirtli içki içənlərin onu istehlak etməyən insanlara nisbətən daha az əzələ kütləsinə sahib olduğu qeyd edilib.
Xüsusilə orta yaş və erkən qocalıqda yüksək spirtli içki qəbulunun ciddi əzələ problemlərinə səbəb ola biləcəyini bildirən alimlər bu yaşlarda alkoqol qəbulunun əhəmiyyətli dərəcədə azaldılmasının lazım olduğunu qeyd ediblər.
Araşdırma "Calcified Tissue International" jurnalında dərc olunub.

Səhiyyə 2023-05-26 12:28:00