×
A
A
A
Sazlamalar

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda fotosərginin açılışı və albom-kataloqun təqdimatı olub

Bakı, 25 may, AZƏRTAC

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) mayın 25-də Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fotosərginin və bu materiallar əsasında hazırlanan albom-kataloqun təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, sərgidə Ulu Öndər Heydər Əliyevin səhiyyə və tibb müəssisələrində, səhiyyə işçiləri ilə görüşlərini əks etdirən 50-dən çox foto nümayiş edilib.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri, zəngin həyat yolu və fəaliyyəti ilə adını tarixə yazan Ulu Öndər Heydər Əliyevi səhiyyə işçiləri hər zaman böyük hörmət və ehtiramla anır: “Ümummilli Lider Azərbaycanda hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi, amma heç şübhəsiz ki, onun üçün əsas məsələ əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşması idi. Ulu Öndərin rəhbərliyi ilə, səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə və insanların sağlamlıqlarının qorunmasına xidmət edən 15-dən çox qanun qəbul olunub. Bu qanunların hər birinin qəbul olunması ölkəmizdə səhiyyə sisteminin inkişafına əhəmiyyətli təsir edən mühüm addımlar idi”.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “Heydər Əliyev və səhiyyə” mövzusunda məruzə edərək vurğulayıb ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülüb, islahatlar aparılıb, ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar işlənib hazırlanıb və Milli Məclis tərəfindən qəbul edilib, xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlanıb: “Səhiyyə marifləndirilməsi, əhalinin tibbi məlumatlılığının artırılması istiqamətində görülən işləri Ulu Öndər yüksək qiymətləndirirdi, çıxışlarında vurğulayırdı ki, həkim, səhiyyə təkcə insanları müalicə etmək üçün yox, həm də xəstəliklərin qarşısını almaq, geniş profilaktik iş aparmaq üçündür”.
Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə Ulu Öndərin Azərbaycan xalqının hər bir nümayəndəsinin, gənc nəslin sağlamlığına həssaslıqla, doğmalıqla yanaşdığını, xalqımızın demoqrafik göstəricilərinin yaxşılaşması üçün qətiyyətlə mübarizə apardığını diqqətə çatdırıb.
Tədbirdə Ulu Öndərin səhiyyə və tibb müəssisələrinin açılışındakı fotolar əsasında hazırlanan video nümayiş olunub, səhiyyə və tibb işçiləri ürək sözlərini bölüşərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad ediblər.



 

 

Səhiyyə 2023-05-25 12:47:00