×
A
A
A
Sazlamalar

Əvəzləyici dərmanlar yalnız onu təyin edən həkimin məsləhəti ilə qəbul edilə bilər

Bakı, 22 may, AZƏRTAC

Bəzən həkimlərin yazdığı dərmanları tapmaq ya çətin olur, ya da büdcəyə uyğun gəlmir. Ona görə apteklərə üz tutaraq orda həmin dərmanların alternativlərini axtarırıq. Amma həkim tövsiyəsi olmadan alınan dərmanlar orqanizmə ciddi zərər vura bilər. Reseptə yazılan dərmanların başqa biri ilə əvəzlənməsi xəstədə çox vaxt ümidsizlik yaradır. Təklif edilən dərman xəstənin dərdinə çarə olmaq əvəzinə bəzən tamamilə əks təsir göstərir. Reseptdə göstərilən dərman aptekdə olmayanda xəstə israrla onun başqası ilə əvəz edilməsini istəyir.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Xumar Novruzovanın dediyinə görə, əczaçıların dəyişdiyi dərmanlar insanların səhhətinə mənfi təsir edə bilər: “Aptekdə həkimin yazdığı dərman olmayanda həkimin nömrəsinə zəng edilməli və ondan məsləhət alınmalıdır. Bəzən tərkibi eyni, adları fərqli olan bir çox dərmanlar olur. Onların hansı dərman şirkəti tərəfindən hazırlanması, keyfiyyəti, tərkibinə dair üstündə yazılanların həqiqətən də olub-olmaması böyük suallar doğurur. Ona görə də dərmanların özbaşına dəyişdirilməsi yolverilməzdir. Apteklərdə dərmanın yanında reseptdə olmayan preparatların satılması, məsələn, antifunqal dərmanların, probitioklərin təyini olmadığı halda verilməsi, lazım olmayan preparatların - sistem yazıldığı halda onun içərisinə deksometozonun qatılması yolverilməzdir və xəstələrin sağalmasını ləngidən amillərdən biridir”.
Həkimləri iddia edirlər ki, aptekdən əvəzedici dərmanların alınması əksər hallarda bir çox yanaşı xəstəliklərin baş qaldırmasına səbəb olur: “Dərmanların tərkibi eyni yazılsa da, təəssüf ki, təsiredici maddə kifayət qədər az olur. Həmin dərmanlar qaraciyər və mədə-bağırsaq sistemində narahatlıq yarada, qanaxmalara aparıb çıxara və yaxud mikroblarda rezistentlik yarada bilər. Bəzən bir neçə gün antibiotik qəbul edənlərə antifunqal preparat da verirlər. Məsələ burasındadır ki, göbələk əleyhinə dərmanlar və antifunqal preparatlar özləri də qaraciyər üçün problem yaradır”, - deyə həkim-terapevt bildirib.
Tövsiyə olunur ki, apteklərdə təklif olunan əvəzedici dərmanları resepti təyin edən həkimlə məsləhətləşmədən alınmasın. Əks təqdirdə hətta resepti yazan həkim də xəstəyə kömək edə bilmir. Yeri gəlmişkən onu da qeyd edək ki, bir sıra xarici ölkədə həkim resepti olmadan adi ağrıkəsici dərman da almaq mümkün deyil.

 

Səhiyyə 2023-05-22 12:54:00