×
A
A
A
Sazlamalar

ATU tələbələrinin beynəlxalq mübadilə proqramlarında iştirakı davam edəcək

Bakı, 20 may, AZƏRTAC

Uzun illər davam edən Azərbaycan Tibb Universiteti (ATU) və Həkimlər və Təbib Tələbələr İctimai Birliyi (AzerMDS) arasında əməkdaşlıq əlaqələri imzalanan anlaşma memorandumu ilə daha 3 il müddətində uzadılıb. Anlaşma memorandumunun müddətinin uzadılması ilə daha 150-ə yaxın tələbənin beynəlxalq mübadilə proqramlarında iştirakı nəzərdə tutulur.
ATU-dan AZƏRTAC-a bildirilib ki, memorandum universitetin tələbələrinin beynəlxalq əlaqələrinin yaxşılaşdırılması, tələbələrin xarici ölkələrin universitet klinikalarında təcrübi bacarıqlara yiyələnməsi və elmi araşdırmalar aparması, eyni zamanda, ATU-un beynəlxalq miqyasda daha yaxşı tanınması məqsədi daşıyır.
Memorandumu ATU-nun rektoru, professor Gəray Gəraybəyli və Həkimlər və Təbib Tələbələr İctimai Birliyi prezidenti Aqil Vəlizadə imzalayıb. Anlaşma sənədində ATU tələbələrinin beynəlxalq münasibətlərinin gücləndirilməsinə yardım edilməsi ilə yanaşı, həm də xarici ölkələrdən gələn tələbələrin istehsalat təcrübəsinin universitet klinikalarında təşkili ilə bağlı məsələlər əhatə olunub.
Qeyd edilib ki, saziş sayəsində bu günə qədər 1000-ə yaxın tələbə İtaliya, İspaniya, Çexiya, Rumıniya, Polşa Portuqaliya, Estoniya, Braziliya, Türkiyə və digər ölkələrdə mübadilə proqramlarında iştirak edib.

Səhiyyə 2023-05-20 16:27:00