×
A
A
A
Sazlamalar

Türk respublikalarının nümayəndələri ürək və damar cərrahiyyəsinin gələcəyinə dair yol xəritəsi hazırlayacaqlar

Bakı, 19 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresinin ilk günündə dörd elmi praktik kurs, bir metavers sessiya təşkil etdik. Həmçinin “Türk dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi” adlı dəyirmi masa keçirdik. Bildiyimiz kimi, üç il öncə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı savaşda Türk dünyası, xüsusilə də Türkiyə dəstəyini əsirgəmədi. 44 günün sonunda Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən sonra Türk dünyası bütünləşdi. Bununla yanaşı, Türk dünyasının önündə yeni qapılar açıldı. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti olaraq Türk dünyasının birliyinə öz töhfəmizi vermək məqsədilə 6 türk dövlətindən – Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistandan olan nümayəndələrlə toplantı keçirdik və Türk dünyasında ürək və damar cərrahiyyəsinin gələcəyini müzakirə etdik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev deyib.
Professorun sözlərinə görə, toplantı zamanı bir sıra praktik əhəmiyyətli nəticələr əldə edilib: “Hər türk respublikasından bir nümayəndə seçməyə qərar verdik. Həmin nümayəndələr bir iş qrupu formasında ürək və damar cərrahiyyəsinin gələcəyini bundan sonrakı yol xəritəsini hazırlayacaqlar”.
K.Musayev üç gün davam edəcək konqres çərçivəsində müxtəlif kursların, sessiyaların keçiriləcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, beynəlxalq konqresin rəsmi açılış mərasimi mayın 20-də keçiriləcək. Konqresin işinə mayın 21-də yekun vurulacaq.

Səhiyyə 2023-05-19 18:15:00