×
A
A
A
Sazlamalar

Türk dünyası ürək-damar cərrahlarının birliyi yaradılır

Bakı, 19 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi çərçivəsində "Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masa keçirilib. Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan ürək-damar cərrahiyyəsi üzrə aparıcı mütəxəssislər iştirak edib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Konqresin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Tədbir iştirakçıları Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.
Şəhidlər xiyabanı ziyarət olunaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunub, şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri qoyulub.
Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi də ziyarət edilib.
Tədbirdə Türk dünyası ölkələri arasında bütün sahələr üzrə inkişaf edən əlaqələrdən söz açılıb, tibb üzrə əlaqələrin, xüsusilə ürək-damar cərrahiyyəsi üzrə təcrübə mübadiləsinin artırılmasının da vacibliyi vurğulanıb, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev Türk dünyası ölkələri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, elmi və praktiki məlumatların mübadiləsinin daha sistemli aparılması üçün Türk dünyası ölkələrinin ürək-damar cərrahlarının birliyinin yaradılması təklifini irəli sürüb.
Təşkilati işlərin həyata keçirilməsi məqsədilə iştirakçı ölkələrin hər birindən bir təmsilçi olmaqla işçi qrup formalaşdırılıb, Türkiyə təmsilçisi professor Mehmet Ali Özatik işçi qrupun rəhbəri seçilib.
Toplantı iştirakçıları Türk dünyası ürək-damar cərrahlarının birliyinin yaradılmasının ölkələrimiz arasında inkişaf edən əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyindən əminliklərini ifadə ediblər.

 

Səhiyyə 2023-05-19 17:03:00