×
A
A
A
Sazlamalar

SİMA ilə “PulPal” sistemində limitsiz köçürmə və ödənişlər edin

Bakı, 17 may, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza ödəniş sistemləri üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
MMC-dən AZƏRTAC-a bildirilib ki, SİMA yeni nəsil rəqəmsal imzanın növbəti tərəfdaşı “PulPal” ödəniş sistemi oldu. Tərəfdaşlığa əsasən, pulpal.az portalında qeydiyyatdan keçən şəxslər hesablarında şəxsiyyətin təsdiqlənməsi üçün eyniləşdirməni SİMA ilə həyata keçirəcəklər.
SİMA mobil tətbiqində qeydiyyatdan keçdikdən sonra “PulPal” portalında hesab yaradaraq “İdentifikasiya” funksiyasına klik edib, SİMA ilə eyniləşdirməni çevik və rahat formada etmək mümkündür. Bunun üçün sadəcə ekranda görünən QR kodu SİMA mobil tətbiqi ilə “oxudun” kimliyini təsdiqləmək kifayətdir.
İdentifikasiyadan keçən şəxslər digərlərindən fərqli olaraq, bütün kateqoriyalar üzrə ödənişlər, elektron pul kisəsinin limitsiz artırılması, ölkədaxili bank kartlarına məhdudiyyətsiz vəsaitlərin köçürülməsi, eləcə də digər ödəniş sistemləri üzrə əməliyyatları icra edə bilərlər.
SİMA vasitəsilə gələcəkdə “PulPal” ödəniş sisteminin digər məhsul və xidmətlərindən də istifadə mümkün olacaq.
SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Vətəndaşlar ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləməli və qeydiyyatdan keçməlidir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un rəsmi saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

 

İKT 2023-05-17 10:28:00