×
A
A
A
Sazlamalar

Vətənə, yurda, peşəyə vəfa nümunəsi

Bakı, 12 may, AZƏRTAC
Heç yadımdan çıxmır, bir əsgər qolundan ağır yara almışdı, lakin amputasiya olunmağını istəmirdi. Onu inandırmağa çalışırdım ki, narahat olmasın, həkimlər amputasiyaya ehtiyac olmadığını söyləyirlər. Deyirdim ki, sən əməliyyat otağına gedib gələcəksən və reanimasiyaya qayıdandan sonra mən sənə qolunun sağ-salamat olduğunu göstərəcəyəm. Lakin o, özü buna heç cür inanmaq istəmirdi. Bir gün həkimlər onu əməliyyat edib reanimasiya otağına göndərdilər. Əsgər özünə gəlib gözlərini açanda mən əlimi onun qollarına vuraraq amputasiya edilmədiyini deyəndə çox sevindi. Qolunun yerində olduğuna inanmağı gəlmirdi...
AZƏRTAC xəbər verir ki, bu sözləri 2 saylı Bakı Baza Tibb Kollecinin tibb bacısı ixtisası üzrə sonuncu kurs tələbəsi Vəfa Rüstəmova deyib.
Gənc tibb işçisi söhbətini belə davam edib: “Hər şey nağıllarda olan kimi oldu. Oxuduğum kollecdə qazilərlə keçirilən görüş zamanı mən bu əhvalatı danışdım. Təsadüfə baxın ki, həmin əsgər tədbir iştirakçılarının arasında imiş. Məlum oldu ki, həmin döyüşçü kollecin tələbəsidir və biz eyni təhsil ocağında təhsil alırıq...”.
Vəfa 2020-ci ildə kollecə qəbul olub. Lakin qeydiyyatdan keçsə də, Vətən müharibəsi başladığından onlayn dərslərdə iştirak edə bilməyib. Beyləqan rayonunun Əmirzeyidli kəndində yaşayan valideynləri nə qədər təkid etsələr də, Vəfa öz inadından əl götürmədi. O, Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən hərbi hospitala üz tutdu. 17 yaşı olduğundan onu hospitala qəbul etmək istəmədilər. Buna baxmayaraq, o, könüllü kimi orada qalıb cəbhədə yaralanan əsgərlərə qulluq edib.
Həmsöhbətimiz xəyalən 2020-ci ilin payızına qayıdır: “Mənzərə dəhşət idi. İndi də yadıma salanda bədənim uçunur, özümə yer tapa bilmirəm: iki ayağını itirən, bir ayağı, bir gözündən məhrum olan, bir qolu, bir ayağı minaya düşən kim... Yaralıların sayı çox idi, bəzilərinin kimliyi bilinmirdi. Nə qədər ağır olsa da, belə günlərdə mən özümü auditoriyada təsəvvür edə bilməzdim. Təkidli xahişimi nəzərə alıb məni əvvəlcə hospitalda nisbətən yüngül şöbələrin birində çalışmağımı təklif etdilər, lakin mən ən ağır reanimasiya şöbəsində fəaliyyətə başladım. Mənim tibb işçisi kimi fəaliyyətim, necə deyərlər, ilk sınağım məhz həmin günlərdə oldu. Edə biləcəyim nə varsa, hamısını edirdim - yaralı əsgərlərin üz-gözünün qanını silir, təxliyəyə kömək edirdim... Hər şey, hər şey etməyə hazır idim... Təki əsgərlər yaşasın, təki həyatda qalsınlar...”.
Elə həmin günlərdə kollecdən zəng edərək Vəfanı dərslərə dəvət edirlər, lakin o, cəbhə bölgəsində əsgərlərə yardım göstərdiyini söyləyir. Valideynlərinin təkidi, hospitalda çalışanların məsləhəti, dost-tanışın zəngləri, qınağı... Heç nə, heç nə onu hospitaldakı fəaliyyətindən ayıra bilmir.
“Göydə döyüş təyyarələri uğuldayır, ətrafda atılan topların, mərmilərin səsi eşidilir, hospitala isə ardı-arası kəsilmədən yaralı əsgərlər gətirirlər. Belə vaxtda mən necə dərslərə gedə bilərdim? “Nə olursa qoy olsun”, - dedim. Bundan ağır gün olmayacaq ki?”- deyə Vəfa yenidən həmin günləri yada salır.
Vətən müharibəsi bitənə, hospitaldan sonuncu yaralı buraxılana qədər gələcək peşəsinin “baş məşqini” keçir. O zaman koronavirus pandemiyası tüğyan etdiyindən təhsil ocaqları onlayn fəaliyyət göstərirdi. Vəfa isə yalnız Zəfərdən sonra onlayn olaraq dərslərə qoşula bilir. Tədris ocağında Vəfanın göstərdiyi fədakarlığı, peşəsini qaynar nöqtədə işləməklə başladığını nəzərə alaraq ona güzəşt edirlər. Bir neçə ay sonra - təhsil müəssisələrinin fəaliyyəti nisbətən bərpa olunanda kollecə gələn Vəfanı əsl qəhrəman kimi qarşılayırlar. İndi artıq onun təhsil illəri arxada qalıb.
Hazırda Vəfa Rüstəmova Bakı Sağlamlıq Mərkəzində praktiki məşğələlər keçir. Daha bir neçə ay keçəcək, o, 2 saylı Bakı Baza Tibb Kollecinin şəfqət bacısı diplomunu alıb tibb ocaqlarından birində əmək fəaliyyətinə başlayacaq. Azərbaycan səhiyyəsinin sıralarına öz peşəsinə yaralı əsgərlərə kömək etmək, onlara yardım göstərməklə başlayan gələcəyin şəfqətli bir peşə sahibi də daxil olacaq...

Səhiyyə 2023-05-12 17:49:00