×
A
A
A
Sazlamalar

Alimlər insan DNT-sinin yeni xəritəsini tərtib ediblər

Bakı, 11 may, AZƏRTAC

Alimlər əvvəlki tibbi tədqiqatları dəyişdirməyə kömək edə biləcək bütün insan DNT-sinin yenilənmiş xəritəsini hazırlayıblar. Onlar bildiriblər ki, 20 il əvvəl nəşr edilən orijinal insan genomu əsasən bir fərdə aid olub və insan müxtəlifliyini təmsil etmir.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, pangenom adlanan son versiya Afrika, Asiya, Amerika və Avropadan olan 47 nəfərin məlumatlarını ehtiva edir. Ümid edilir ki, bu, daha geniş insan kütləsinə kömək edəcək yeni dərmanlar və müalicələrə gətirib çıxaracaq.
ABŞ-ın Merilend ştatının Bethesda Milli İnsan Genomu Tədqiqat İnstitutunun direktoru Erik Qrin dediyinə görə, “Nature” jurnalında dərc olunan yeni xəritə əvvəlki tibbi tədqiqatları dəyişdirmək potensialına malikdir. O əlavə edib: “Bu, böyük elmi nailiyyətdir. İnsan populyasiyasının müxtəlifliyini daha yaxşı əks etdirən pangenom elm adamlarına genetik variasiyanın sağlamlığa və xəstəliklərə necə təsir etdiyini daha yaxşı anlamağa imkan verəcək və bizi genomik təbabətin hər kəsə fayda gətirdiyi gələcəyə aparacaq".
Pangenom müxtəlif əcdadlardan olan insanların 47 ayrı DNT xəritəsindən ibarətdir ki, bu da mühüm genetik fərqləri tapmaq üçün yeni proqram vasitələri ilə birləşdirilə və müqayisə edilə bilər. Məqsəd daha çox insan üçün daha effektiv müalicə üsulları hazırlamaqdır, lakin genetika sahəsində elm adamları tədqiqatın sui-istifadə potensialına malik olduğunu da bilirlər. Tədqiqat qrupuna daxil olmayan Nyukasldakı Sanger İnstitutundan Muzlifah Hənifə elmin yanlış şərh edilməsi ilə bağlı xəbərdarlıq edib.
ABŞ, Böyük Britaniya və İrlandiyada bu yaxınlarda aparılmış iki araşdırma avropalı əcdadlardan olan uşaqların Afrika mənşəli olanlardan iki dəfə çox genetik testlərə məruz qaldığını aşkar edib. Milli İnsan Genomu Tədqiqat İnstitutunun proqram direktoru Alexander Arquello deyir ki, yeni layihənin məqsədi bu nəticələri dəyişdirməkdir. O, ümidvar olduğunu bildirib ki, kifayət qədər müxtəlifliyi əldə etdikdən sonra əhali nə olursa olsun eyni diaqnostik nəticələr əldə edəcək".
Yeni pangenom 47 nəfərdən ibarətdir ki, onların yarısının əcdadları Səhra-altı Afrikadan, üçdəbiri Amerika qitəsindən, 13 faizi Çindən və 2 faizi Avropadan olan yerli xalqların nümayəndələridir. Lakin bu, dünya əhalisinin müxtəlifliyini daha yaxşı təmsil etmək üçün iddialı proqramın yalnız başlanğıcıdır. İlkin məqsəd onların sayını 350-yə çatdırmaqdır.
İnsan genomu əsasən 2003-cü ildə tamamlanıb. Bu, insan DNT-sini təşkil edən əsas kimyəvi tikinti bloklarının xəritəsidir. Tədqiqatçılar ondan daha yaxşı müalicələr hazırlamaq üçün xəstəliklərdə iştirak edən genləri müəyyən etmək üçün istifadə edirlər. Bu, xərçəngin müalicəsinin təkmilləşdirilməsinə və Huntington kimi irsi xəstəliklərin başlanğıcını proqnozlaşdırmaq üçün testlərin inkişafına səbəb olub. Lakin işin mənfi tərəfi odur ki, genomun 70 faizi Avropa və Afrika mənşəli amerikalı olan tək bir fərddən gəlib. Santa Kruzdakı Kaliforniya universitetinin doktoru Karen Miqaya görə, bu, digər mənşəli insanlarda xəstəliklərdə mühüm rol oynayan mühüm genetik fərqləri əks etdirmir. "Tək bir insan genomunun xəritəsinə sahib olmaq bütün bəşəriyyəti adekvat şəkildə təmsil edə bilməz. Yenilənmiş xəritələr elmi ictimaiyyətin gələcəkdə daha ədalətli səhiyyə xidmətinə sahib olması üçün əsas ola bilər", -deyə o əlavə edib.
Kembric yaxınlığındakı Avropa Molekulyar Biologiya Laboratoriyasının baş direktor müavini Evan Birniyə görə, dünyada genomları əldə etmək üçün ən vacib yer Səhra-altı Afrikadır. Bu ərazi insan növünün başlanğıcı olan məkandır və ən böyük genetik müxtəlifliyə malikdir. Eyni zamanda, bir Afrika amerikalı genomu bu müxtəlifliyi təmsil etmək üçün kifayət deyil.

Səhiyyə 2023-05-11 14:40:00