×
A
A
A
Sazlamalar

Misirlə əczaçılıq sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı, 11 may, AZƏRTAC
Səhiyyə Nazirliyində Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdıraraq münasibətlərin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Teymur Musayev Azərbaycanla Misir arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib: “Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində ölkələrimiz arasında əməkdaşlıq səhiyyə qurumlarının beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində aparılır. Eyni zamanda, tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”.
Nazir əməkdaşlığın gələcəkdə uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Səfir Misirin Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirərək deyib: “Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub və ötən müddət ərzində Misir və Azərbaycan dövlətləri arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir”.
Misirdə əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən səfir ölkəsinin bu sahədə Azərbaycanla mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri, eyni zamanda gələcəkdə əczaçılıq sahəsində əməkdaşlıq memorandumunun imzalanmasına dair müzakirələr aparılıb.

Səhiyyə 2023-05-11 14:47:00