×
A
A
A
Sazlamalar

QHT-in icraçı direktoru BMT-də Azərbaycanı təmsil edib

Bakı, 11 may, AZƏRTAC

“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin baş qərargahında BMT Baş Assambleyasının vərəmlə bağlı və Universal Tibbi Təminatla bağlı dinləmələrində iştirak edib, öz fikirlərini bildirib.
P.Vəliyeva AZƏRTAC-a bildirib ki, cari il sentyabrın 22-də BMT-nin baş qərargahında Baş Assambleyanın Vərəmlə bağlı Yüksək Səviyyəli görüşü keçiriləcək və BMT-yə üzv olan ölkələrin liderləri 2030-cu ilədək vərəmə son qoymaq üçün hazırlanacaq siyasi bəyannaməyə imza ataraq vərəmlə bağlı öhdəliklər götürəcəklər. Bəyannamə qəbul olunmadan öncə BMT çox sayda ölkədən vərəmlə maraqlı tərəflərin dinləmələrdə iştirakını təmin edib. O, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasına üzv olan vətəndaş cəmiyyəti təşkilatlarını və vərəmin təsirinə məruz qalan icma nümayəndələrini mötəbər iclasda təmsil edib.
Vərəmlə mübarizə aparan vətəndaş cəmiyyəti təşkilatlarının siyasi bəyannamədən gözləntiləri 2030-cu ilədək ən son beynəlxalq protokollara əsasən vərəmlə xəstə bütün insanlara profilaktika, diaqnostika, müalicə və qayğının təmin edilməsi, bütün milli vərəm proqramlarının bərabər, inklüziv, genderə həssas, hüquqa əsaslanan və insan mərkəzli olması, yeni vərəm vaksinin hazırlanması və rəqəmsal səhiyyə texnologiyalarının inkişafı üçün vərəmlə bağlı tədqiqatlara investisiya qoyuluşlarının artırılması, vərəmin bütün səhiyyə sistemlərində prioritet olmasıdır.

 

Səhiyyə 2023-05-11 10:40:00