×
A
A
A
Sazlamalar

Ulu Öndərin 100 illik yubileyinə həsr olunan “Pediatriya və neonatologiyada yeniliklər üzrə II Beynəlxalq Konqres” keçirilib

Bakı, 10 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Pediatrlar Assosiasiyası, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı və “Uptodate in Medicine”nin texniki dəstəyi ilə beynəlxalq elmi-praktik konqres keçirilib.
Azərbaycan Pediatrlar Assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq tədbirdə dövlət rəsmiləri ilə yanaşı, 11 ölkənin nümayəndələri də iştirak ediblər.
Öncə tədbirdə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələrdən söz açılıb. Heydər Əliyev əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısından bəhs olunub, bu sahədə fəaliyyətin çoxcəhətli olduğu qeyd edilib. Qeyd edilib ki, Ulu Öndərin ən çox əhəmiyyət verdiyi, qayğısını əsirgəmədiyi sahə məhz səhiyyə olub.
Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə, xüsusilə də uşaqların sağlamlığı, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlərin görüldüyü vurğulanıb. Bu baxımdan Ulu Öndər Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyətini daim diqqətdə saxlayıb, dünya şöhrətli pediatr, səhiyyə və təhsil qurucusu, professor İhsan Doğramacı ilə assosiasiyanın beynəlxalq tədbirlərdə təmsil olunmasına, təşkilatın tanınmasına dəstək göstərib.
Konqresdə pediatriya və neonatologiyanın ən aktual problemlərinə dair aparıcı milli və xarici ekspertlərin məruzələri dinlənilib.
Tədbirin məqsədi həkimləri və tibb mütəxəssislərini pediatriya və neonatologiyaya dair yeni tədqiqatlarla, innovasiyalarla tanış etmək, onların inkişafı ilə bərabər xəstəliklərə, bütövlükdə tibbi xidmətə yanaşmanı təkmilləşdirmək, eləcə də tibbin bu sahəsinin inkişafına xidmət edən təşəbbüslərə dəstək verməkdir.

Səhiyyə 2023-05-10 16:29:00