×
A
A
A
Sazlamalar

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib

Bakı, 5 may, AZƏRTAC

Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevin tarixdəki yeri misilsizdir. Bu il Ümummilli Liderin anadan olmasının 100-cü ildönümüdür. Ulu öndərin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələridir. Ümummilli liderin müəyyənləşdirdiyi prinsiplər bu gün ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir.
AZƏRTAC xəbər verir ki, Ümummilli Liderin doğum günü ölkəmizin hər yerində olduğu kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda qeyd olunub və mayın 5-də həmin günə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransın başlanmasından əvvəl Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər, əklil qoyublar.
Konfransın işində tanınmış yerli mütəxəssislərlə bərabər müxtəlif ölkələrdən - ABŞ, Türkiyə, Ukrayna, Rusiya, Özbəkistan, Çexiya, Avstriya, İtaliyadan alim mütəxəssis-professorlar əyani və onlayn rejimində iştirak ediblər.
Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov öz çıxışında Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna nəzər salaraq bildirib ki, hər bir xalqın taleyində dönüş yaratmağı bacaran bir ya iki insan olur ya olmur. Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında Ümummilli Liderin rolu əvəzolunmazdır.
Sonra nazir müavini qeyd edib ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağ Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunub. Bu şanlı Qələbəni xalqımız haqlı olaraq qürurla, böyük sevinclə bayram edir və Ulu öndər Heydər Əliyevin adı ilə bağlayır. Tam əminliklə demək olar ki, Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir. Çıxışın sonunda konfrans iştirakçılarını təbrik edərək işlərində uğur arzulayıb.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov çıxış edərək Ulu Öndərin tibb kadrlarının hazırlanmasında, diplomdansonrakı tibb təhsilinin inkişaf etdirilməsində, bilavasitə Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafındakı əvəzolunmaz rolunu qeyd edib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın inkişaf və tərəqqisində əvəzolunmaz rolu haqqında çıxış edib, konfrans iştirakçılarını salamlayıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı İlham Məmmədov çıxış edərək Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatların aparılmasında, səhiyyənin qanunvericilik bazasının təkmilləşdirilməsində böyük əməyi olduğunu qeyd edib.
Konfransın işində iştirak edən Türkiyəli alimlərdən Dünya Otorinolarinqologiya Cəmiyyətinin vitse-prezidenti, Dünya Rinologiya Cəmiyyətinin baş katibi, Hacəttəpə Universitetinin professoru Metin Önerçi və Türkiyə Cümhuriyyəti Sağlıq Bilimləri Universitetinin professoru Necati Alkış iki qardaş ölkə arasında qırılmaz əlaqələrin olmasından söz açıblar. Qeyd edilib ki, səhiyyə sahəsində bu əlaqələrin təcəssümü çoxsaylı azərbaycanlı gənclərin Türkiyənin qabaqcıl universitetlərinin tibb fakültələrində təhsil almaları, əldə etdikləri müasir təcrübəni vətənə qayıdaraq iş yerlərində tətbiq etməklə Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələrdir.
Amerika Ailə Həkimləri Assosiasiyasının üzvü, professor Stiv Ston Hous Heydər Əliyevin xalqlar arasında dostluq əlaqələrinin yaranmasında mühüm rolu haqqında danışıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib, çıxışlar ətrafında çoxsaylı diskussiyalar aparılıb.
Fasilədən sonra konfrans öz işini iki gün ərzində 3 plenar iclasda Azərbaycan və xarici ölkələrdən dəvət olunmuş alimlərin elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş 33 sayda əyani və onlayn çıxışları ilə davam etdirəcək, tibb elminin aktual məsələləri haqqında məruzələr dinləniləcək.

Səhiyyə 2023-05-05 13:20:00