×
A
A
A
Sazlamalar

Dağlıq ərazilərdə yerləşən rayonların kümçülərinə ipəkqurdu paylanılır FOTO

Qax, 2 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 11500 qutu ipəkqurdu sənaye toxumunun (qrena) yarısı Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. İnkubasiya nəticəsində toxumlardan əldə olunan ipəkqurdlarının bir hissəsi aprelin 27-28-də Aran bölgəsi rayonlarının kümçülərinə paylanılıb. İpəkqurdlarının qalan hissəsinin isə mayın əvvəlində bölgü əsasında dağlıq ərazidə yerləşən rayonların kümçülərinə paylanılması prosesinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri Qax Damazlıq İpəkçilik Stansiyasında olub, ipəkqurdlarının paylanılması prosesi ilə maraqlanıb.
Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, builki mövsümdə respublikanın 41 rayonunda barama yetişdiriləcək. Çindən gətirilən ipəkqurdu toxumunun 5875 qutusu aprelin ortalarında Qax Damazlıq İpəkçilik Stansiyasında, qalanı isə Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarındakı məntəqələrdə inkubasiyaya qoyulub. Stansiyada inkubasiya olunan 3855 qutu ipəkqurdu toxumu birinci mərhələdə Aran bölgəsinin 18 rayonunun kümçülərinə paylanılıb. Hazırda ikinci mərhələ üzrə dağlıq və dağətəyi ərazilərdə yerləşən 10 rayonun kümçülərinə 1920 qutu ipəkqurdu toxumu paylanılır. İpəkqurdlarının paylanılması prosesi mayın 2-də gün ərzində başa çatdırılacaq. Stansiya direktorunun sözlərinə görə, bu il respublika üzrə yaş barama istehsalının 460 tona çatdırılması qarşıya hədəf olaraq qoyulub.
Stansiyada ipəkqurdlarının paylanılması prosesi rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Stansiyadan ipəkqurdunu təhvil götürən Şəki DAİM-in bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, builki mövsümdə rayonun kümçülərinə 950 qutu və ya 18 kiloqram 50 qram ipəkqurdu toxumu paylanılacaq. İpəkqurdunun yemlənməsi ilə 200-dən çox kümçü məşğul olacaq. Cari mövsümdə rayonda yaş barama istehsalının 20,7 tona çatdırılması proqnozlaşdırılır.
Oğuz DAİM-in nümayəndəsi Yengibar Məhərrəmovun sözlərinə görə, stansiyada ipəkqurdlarının paylanması prosesi yaxşı təşkil olunub. Əməkdaşlar rayonlardan gələn nümayəndələrə hər cür kömək göstərirlər. Bölgüyə əsasən, bu il Oğuz rayonu Qax Damazlıq İpəkçilik Stansiyasından 170 qutu ipəkqurdu toxumu götürür. Cari mövsümdə rayonda yaş barama istehsalının 6,8 tona çatdırılması hədəflənir. İpəkqurdlarının yemlənməsi ilə 75 kümçü məşğul olacaq. Ötən il isə rayonun kümçülərinə 190 qutu ipəkqurdu paylanılıb. Oğuzlu kümçülər qəbul məntəqəsinə 2,9 ton yaş barama təhvil veriblər.
Qeyd edək ki, builki mövsümdə istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Kənd təsərrüfatı 2023-05-02 13:22:00