×
A
A
A
Sazlamalar

® Qaraciyərin toksiki zədələnməsi - toksiki hepatit

Baku Medical Plaza, Babək filialı, terapevt Dr. Zərifə Mafusova qaraciyərin toksiki zədələnməsi - toksiki hepatitlərlə bağlı sualları cavablandırıb.

- Ümumiyyətlə hepatit nədir ?
- Hepatit qaraciyərin iltihabı deməkdir. Onu yaradan səbəbdən asılı olaraq hepatitlər bir neçə qrupa bölünürlər:
1) virus hepatitlər ( A,B,C,D,E,F,G və digər infeksion xəstəliklərin (sitomeqalovirus, məxmərək, Epşteyn-Barr, Lass qızdırmas və s.) bir komponenti kimi
2) Bakterial hepatitlər ( leptospiroz və sifilis xəstəliklərində)
3) Parazitar (amyobiaz, toksoplazmoz, Opistorxoz, şistosomoz, fassiolyoz )
4) Toksiki hepatitlər( qaraciyərin alkoqol xəstəliyi, dərman hepatitləri, zəhərlənmələr zamanı )
5) Şua hepatiti (şua xəstəliyinin bir komponenti kimi)
6) Autoimmun hepatit
7) İşemik hepatit
- Toksiki hepatitlərin səbəbləri nədir?
- Toksiki hepatitlərin səbəbləri müxtəlif ola bilir. Bura narkotik maddələr, bəzi kimyəvi maddələrlə zəhərlənmələr, zəhərli göbələklər, bəzi dərmanlar, alkoqol aiddir.
Qaraciyərin rolu bizim orqanizmdə çox müxtəlif və əvəzolunmazdır. Onun funksiyalarından biri və ən əsası – bizim orqanizmə kənardan daxil olan ya orqanizmin özündə əmələ gələn zəhərli, toksiki maddələri zərərsizləşdirməkdir. Lakin bu toksiki maddənin miqdarı çox olarsa və yaxud toksiki maddələr uzun müddət orqanizmə təsir göstərərsə bir qaraciyər hüceyrələri özləri də zədələnir və məhv ola bilirlər və müvafiq olaraq ya kəskin ( toksinin təsirindən 2-3 saat sonra) ya xroniki ( toksinin təsirindən bir neçə ay sonra simptomlar üzə çıxır) toksiki hepatit yaranır.
- Toksiki hepatiti yalnız ağızdan orqanizmə daxil olan toksiki maddə yaradır?
- Toksiki maddələrin təkcə mədə-bağırsaq sistemindən sovrulması yeganə yol deyil. Toksin ağciyərlərdən və yaxud dəridən də qana sovrularaq qaraciyərə düşə bilir. Toksiki hepatit deyəndə ilk öncə qaraciyərin alkoqol xəstəliyi ağıla gəlir. Əvvəllər qaraciyərin alkoqol xəstəliyi (QCAX) toksiki hepatitlərə aid edirdilər. Son illər beynəlxalq təsnifata görə QCAX ayrı hepatit növü hesab edilir və o özü də 3 xəstəliyi, 3 mərhələni özündə birləşdirir : 1) alkoqol mənşəli qaraciyər piylənməsi, steatohepatozu; 2) alkoqol steatohepatiti ( artıq QC hüceyrələrinin iltihabı); 3) QC sirrozu hansı ki, QC çatışmazlığına gətirib çıxarır. QC alkoqol xəstəliyinə kişilər üçün gün ərzində 40 qramdan artıq təmiz etanol ( yəni 100 ml 40 faizli araq), qadınlar üçün də 20 qramdan artıq etanolun qəbulu gətirib çıxarır.
Toksiki hepatitlərin bir qismini də dərman mənşəli hepatitlər təşkil edir. Bütün dərmanlar dozasından, orqanizmin bu dərmana qarşı individual hiperhəssaslığından asılı olaraq toksik hepatitə səbəb ola bilər. Amma bəzi dərmanlar toksiki hepatitə daha çox ehtimalla səbəb ola bilir. Bura vərəm əleyhinə dərmanlar, bəzi antibiotiklər, ürək-damar xəstəliklərində istifadə olan preparatlardan məsələn Kordaron, hormonal preparatlardan, hamiləlik əleyhinə istifadə olunan preparatlar, tez-tez kontrolsuz başağrısı səbəbindən istifadə olunan Parasetamol
- Toksiki hepatitlərin əlamətləri hansılardır? İnsan qaraciyərinin zədələndiyini necə müəyyən edə bilər?
-Toksiki hepatitin əlamətlərinə gəlincə, əvvəla deyək ki, qaraciyər səssiz bir orqan sayılır. Yəni onun iltihabı olduqda ağrı şikayəti olmur, yalnız sağ qabırğaaltı nahiyədə bəzən yüngül ağırlıq hissi, halsızlıq, qarında köp kimi bir çox xəstəliklərdə rast gəlinə biləcək şikayətlər yarana bilər. Əksər hallarda heç bu şikayətlər də olmur və xəstəlik təsadüfən başqa səbəblərdən həkimə müraciət etdikdə laborator müayinələr zamanı aşkarlanır və yaxud uzun müddət həkimə müraciət edilməməsi səbəbindən artıq ağırlaşmalar yarananda, davamlı ürəkbulanma, qusma, sarılıq, burun qanamaları, mədə qanaması (qanqusma), bağırsaq qanamaları ilə həkimə müraciət edirlər və təəssüf ki, bəzən artıq qaraciyərdə geridönməz dəyişikliklərlə üzləşirik.
Odur ki, hamıya həm profilaktik olaraq ildə 1 dəfə, zərərli vərdişləri olanlar ələlxüsus, həm hətta cüzi bayaq sadaladığım şikayətlər yarandıqda həkimə müraciət olunmasını tövsiyə edirəm.

Səhiyyə 2023-04-28 15:00:00