×
A
A
A
Sazlamalar

Zaqatalada yaş barama istehsalının 31 tona çatdırılması hədəflənir

Zaqatala, 26 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 8 ton artırılaraq, 31 tona çatdırılması proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılan ipəkqurduları rayonun özündə inkubasiya olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən ipəkqurdu toxumunun 760 qutusu aprelin 14-də Zaqatala rayonundakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti aprelin 26-da başa çatıb və əldə olunan ipəkqurdunun bölgü əsasında rayonun kümçülərinə paylanılmasına başlanılıb. Barama istehsalçılarına ipəkqurdunun paylanılması prosesi iki gün müddətində başa çatdırılacaq.
Məntəqədən verilən məlumata görə, builki mövsümdə rayonda 200-dən çox kümçü ipəkqurdunun yemlənməsi ilə məşğul olacaq.
Xatırladaq ki, ötənilki mövsümdə rayonda 23 tona yaxın yaş barama istehsal edilib.

Kənd təsərrüfatı 2023-04-26 17:40:00