×
A
A
A
Sazlamalar

FAO: Qidalı maddələrin əsas mənbələri ət, yumurta və süddür

Bakı, 26 aprel, AZƏRTAC

Bitki mənşəli qidalardan əldə edilməsi çətin olan zəruri qidalı maddələrin ən mühüm mənbələri ət, yumurta və süddür.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni məruzəsi bu mövzuya həsr edilib.
Hamiləlik və uşaq əmizdirmə, uşaqlıq, gənclik və ahıl yaş kimi mühüm mərhələlərdə bu faktın nəzərə alınması xüsusilə vacibdir.
Bu nəticələr heyvan mənşəli qida məhsullarının istehlakı ilə bağlı üstünlüklərin və risklərin təhlilinə əsaslanır. Tədqiqat üçün 500-dən çox elmi işə və 250-yə yaxın normativ sənədə istinad edilib.
Sağlamlıq və inkişafla bağlı mühüm funksiyaları yerinə yetirən heyvan mənşəli qida məhsulları orqanizmi yağ turşuları, dəmir, kalsium, selen, sink, həmçinin karnitin, kreatin və taurin kimi bioloji aktiv birləşmələrlə təmin edir. Dəmir və A vitamini bütün dünyada, xüsusən uşaqlar və hamilə qadınlar arasında ən çox ehtiyac duyulan mikroelementlərdir.
Nəticələri “Lancet” jurnalında nəşr edilmiş tədqiqata görə, məktəbəqədər yaşda olan uşaqların yarısından çoxu (372 milyon) və nəsilartırma yaşında olan 1,2 milyard qadın dəmir, A vitamini və ya sink kimi mikronutriyentlərin ən azı birinin çatışmamasından əziyyət çəkir. Bu uşaqların dörddə üç hissəsi Cənubi və Şərqi Asiyada, Sakit okean regionunda və Afrikanın Böyük Səhradan cənub hissəsində yaşayır.
Məruzədə göstərilir ki, heyvan mənşəli qida məhsullarının istehlakı bütün dünyada kəskin dəyişir. Məsələn, Konqo Demokratik Respublikasının hər sakini orta hesabla ildə cəmi 160 qram süd içir. Halbuki Monteneqronun orta statistik sakini ildə 338 kiloqram süd qəbul edir.
Eyni zamanda, heyvandarlıq sektoru bir sıra problemləri həll etməlidir. FAO rəhbərinin müavini Xelena Semedo və baş iqtisadçı Maksimo Torero Kallen məruzəyə ön sözdə yazırlar: “Söhbət ətraf mühitlə bağlı meşəsizləşmə, karbon qazı tullantıları, sudan və torpaqdan qeyri-sabit istifadə edilməsi, ətraf mühitin çirklənməsi, həmçinin sağlamlıqla bağlı məsələlərdən – mikroblara qarşı preparatlara davamlılıq, zoonoz riskləri və qida mənşəli xəstəliklərdən gedir”.
FAO-nun məruzəsində vurğulanır ki, emal edilmiş qırmızı ətin hətta az miqdarda istehlakı ölüm riskinin artması, ürək-qan damar və kolorektal xərçəng kimi xroniki xəstəliklərin kəskinləşməsi ilə nəticələnə bilər. FAO-da belə hesab edirlər ki, “emal edilməmiş qırmızı ət istehlakı sağlamlıq üçün minimal riskə malik ola bilər”.
Digər tərəfdən, yaşlı sağlam adamlar tərəfindən süd, yumurta və quş əti istehlakı ilə ürəyin işemik xəstəliyi, insult və hipertoniya arasında əlaqə olmasını göstərən əlamətlər inandırıcı deyil.

Səhiyyə 2023-04-26 12:05:00