×
A
A
A
Sazlamalar

Hər il müasir meyvə bağlarının salınması məhsul istehsalının artmasını təmin edir

Gəncə, 4 aprel, Elcan Məmmədov, AZƏRTAC

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın müxtəlif bölgələrində becərilən meyvə bitkilərinin zərərverən orqanizmləri ilə mübarizə işlərinin təkmilləşdirilməsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov, Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi, ətraf rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin, elmi-tədqiqat institutlarının direktorları, təcrübə stansiyalarının rəhbərləri, aqrar şirkətlərin əməkdaşları, ADAU-nun bir qrup professor-müəllim heyəti və bağçılıqla məşğul olan fermerlər iştirak ediblər.
İnstitutun direktoru, professor İbrahim Cəfərov çıxışında qeyd edib ki, meyvəçilik Azərbaycanın aqrar iqtisadiyyatının mühüm tərkib hissəsidir. Beynəlxalq təcrübədə eyni təbii və iqtisadi şəraitə malik olan müxtəlif ölkələrin kənd təsərrüfatında məhsuldarlığın aşağı, yaxud yüksək olması həmin ölkələrin aqrar siyasətinin nə dərəcədə effektiv olduğunu göstərir. Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə bu sahənin inkişafında çox böyük xidmətləri olub. O, dövlət müstəqilliyi dövründə Azərbaycan Respublikasının aqrar sahəsinin inkişaf modelini qurub, onun layiqli davamçısı Prezident İlham Əliyev isə bu sahənin inkişaf strategiyasını müəyyənləşdirib və hazırda uğurla həyata keçirir.
Bildirilib ki, son illərdə respublikamızda kənd təsərrüfatının əksər sahələri kimi, meyvəçiliyin inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdəndir. Aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov diqqətə çatdırıb ki, son illər ölkədə meyvəçiliyin inkişafı məqsədilə də dəstək tədbirləri həyata keçirilir. Yeni intensiv və superintensiv bağlara görə subsidiyaların artırılması, ixrac potensialı yüksək olan meyvə bağlarının salınmasına görə birdəfəlik əkin subsidiyasının verilməsi və digər stimullaşdırıcı tədbirlər fermer və sahibkarlarda bu sahəyə marağı artırıb. Nəticədə ölkədə hər il salınan müasir bağların sahəsi daha da genişlənir, bu isə məhsul istehsalının artmasını təmin edir. Hər il demək olar ki, 200-300 hektar intensiv bağlar salınır. Meyvəçiliyin inkişafına marağın artmasının digər səbəbi bu sahənin gəlirlilik baxımından müqayisəli üstünlüyə malik olmasıdır.
Sonra tədbirdə qonaq qismində çıxış edən professor, doktor Hatice Özaktan meyvə bitkilərinin bakterial xəstəlikləri mövzusunda çıxış edərək, ətraflı məlumat verib.
Daha sonra institutun əməkdaşları bu gün meyvə bağlarında aktual olan xəstəlik və zərərvericilər və onlara qarşı mübarizə tədbirləri mövzularında məruzələr ediblər.

Kənd təsərrüfatı 2023-04-04 17:46:00