×
A
A
A
Sazlamalar

“Monte Ferro” şirkəti Şəkidə 1362 hektar sahədə yeni intensiv fındıq bağları salıb

Şəki, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Monte Ferro” şirkəti 2017-ci ildən bəri Şəki rayonu ərazisində, ümumilikdə, 1362 hektar sahədə yeni fındıq bağları salıb. Bu bağların 570 hektarı Bideyiz, 432 hektarı Biləcik, 360 hektarı isə İnçə kəndlərinin ərazisində yerləşir.
Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki,
yeni salınan fındıq bağlarında əsasən “Ata-bala”, “Zaqatala-9” və digər yerli fındıq sortlardan istifadə edilir. Bu sortların tingləri Qax və Zaqatala rayonlarından əldə edilir. Şirkət 2023-cü ilin əkinində İtaliyadan gətirilmiş “Romana” və “Nokiana” fındıq sortlarının tinglərindən də istifadə edib. Yeni salınan bağlarda 6x5 əkin sxemindən istifadə edilib və bir hektara 320 ədəd ting əkilib.
Qeyd edək ki, şirkət tərəfindən müasir texnologiya əsasında salınan yeni fındıq bağları intensiv bağlardır. Bağlarda suvarma işlərinin aparılması üçün damla-suvarma sistemi quraşdırılaraq istifadəyə verilib. Suvarma suyuna olan tələbatın ödənilməsi üçün yeni salınan bağların ərazisində 8 ədəd subartezian quyusu quraşdırılıb, 4 ədəd 10 min kubmetr su tutumu olan hovuz inşa edilib. Şirkətin yeni saldığı fındıq bağlarında elektrik xətlərinin çəkilməsi, yolların salınması və digər infrastrukturun yaradılması təmin olunub.
Hazırda müəssisə tərəfindən yeni icarəyə götürülən 960 hektar torpaq sahəsində hazırlıq işləri aparılır və qarşıdakı illərdə həmin sahələrdə intensiv fındıq bağlarının salınması nəzərdə tutulur.

 

Kənd təsərrüfatı 2023-03-31 17:17:50