×
A
A
A
Sazlamalar

Mütəxəssis: Əhalinin təxminən 5-10 faizində hipermobillik sindromu var

Bakı, 28 mart, AZƏRTAC

Oynaqların normadan daha böyük hərəkət aralığına sahib olması bəzi oynaq problemlərinə səbəb ola bilər. Tibdə bu xəstəliyin adı hipermobillik sindromu (HMS) adlanır. Marfan və Ehlers-Danlas sindromu kimi xəstəliklərdən qaynaqlanan oynaq elastikliyi bu sindroma aid edilmir.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov deyib.
Fizioterapevtin sözlərinə görə, HMS tez-tez rast gəlinən, lakin diqqətdən kənarda qalan xəstəlikdir. Bu xəstələrin bel, diz, dirsək, bilək, barmaq oynaqları eyni yaşda və cinsdə olan həmyaşıdlarına nisbətən elastikdir, hərəkət diapazonu daha böyükdür. HMS həmişə ağrıya səbəb olmur. Əhalinin təxminən 5-10 faizində hipermobillik var. Qadınların 3.25 faizi, kişilərin isə 0.6 faizində oynaq elastikliyi ilə bağlı simptomlar müşahidə edilir. Hipermobillik sindromu irsi faktorlarla bağlı olsa da, gimnastika, balet və digər idman növləri ilə məşğul olanlarda da tez-tez rast gəlinir.
HMS-nın simptomlarla zəngin bir xəstəlik olduğunu deyən fizioterapevt qeyd edib ki, oynaq və əzələ ağrısı, diz ağrısı, oynaqlarda şişkinlik, çıxıqlar, yumşaq toxumaların revmatizmi, çənə oynaqlarında ağrı və krepitasiya (şaqqıltı səsi), erkən artroz, bel ağrısı, disk yırtığı, onurğa stenozu xəstəliyin ümumi şikayətlərdəndir. HMS məktəb yaşlı uşaqlarda, xüsusilə qızlarda daha çox yayılıb. Bu problem bir çox revmatik xəstəliklərlə qarışdırılır.

 

Səhiyyə 2023-03-28 10:48:00