×
A
A
A
Sazlamalar

Ağcabədidə pambıqçılıqda ötən ilin yekunları və yeni mövsümə hazırlıq müzakirə edilib

Ağcabədi, 10 mart, AZƏRTAC
Ağcabədi rayon Mədəniyyət Mərkəzində “MKT-İK” MMC tərəfindən “Fermerlərlə görüş: Keçən ilin yekun qiymətləndirilməsi və yeni mövsümə hazırlıq” mövzusunda yığıncaq keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin, “MKT-İK” MMC-nin əməkdaşlarının, 15 rayondan 200-ə qədər fermerin, aidiyyəti idarə və təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə çiçək dəstələri düzülüb.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov pambıqçılığın inkişafı istiqamətində görülən işlərdən və əldə olunan uğurlu nəticələrdən danışıb. Bildirib ki, rayonda kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensial və ənənələr mövcuddur, aqrar sahədə göstəricilər ildən-ilə artır.
“GP-Cotton Holdings”in icraçı direktoru, “MKT-İK” MMC-nin müşahidə şurasının sədri Eldar Cəfərov şirkət tərəfindən pambıqçılıqla bağlı həyata keçirilən tədbirlərdən və qarşıda duran hədəflərdən söz açıb. “GP-Cotton Holdings”ə daxil olan “MKT-İK”, “MTP”, “GİLTEX” şirkətləri haqqında məlumat verən E.Cəfərov təkcə “MKT-İK” MMC-nin 11 emal zavodunun, 300-dən çox aqronom və nümayəndəsi olduğunu, 10 minədək fermerlə çalışdığını vurğulayıb. O da qeyd olunub ki, şirkətin fəaliyyət göstərdiyi rayonlarda son illərdə orta hesabla 45 min hektar sahədə pambıq yetişdirilib. Adıçəkilən şirkətin məhsuldarlıq səviyyəsi 70 ölkə arasında 7-ci yerdə qərarlaşır.
Natiq, eyni zamanda, pambıqçılıq sahəsində istifadə olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, fermerlərin gübrə, maşın və texnika ilə təminatında irimiqyaslı tədbirlərin həyata keçirildiyini, pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmağın vacibliyini bildirib.
Sonra Biznesin İnkişafı Departamentinin rəhbəri Hikmət Hüseynov çıxış edərək fermerlər arasında sorğuların keçirilməsi, xidmət və malların qiyməti barədə, eləcə də digər mövzular haqqında ətraflı məlumat verib. H.Hüseynov, həmçinin aqrotexniki tədbirlərin təkmilləşdirilməsindən, yeniliklərin tətbiqindən də bəhs edib.
Tədbirdə çıxış edənlər fermerlərə laborator xidmətinin göstərilməsindən, lifi yüksəkkeyfiyyətli olan “Barbadenza” pambıq növünün sınaq əkininə başlanılmasından, şoran torpaqlarda məhsuldarlığın artırılması və bu kimi digər mövzulardan söhbət açıblar.
Fermerləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib. Yekunda qabaqcıl təsərrüfatçılar şirkət tərəfindən mükafatlandırılıb.

Kənd təsərrüfatı 2023-03-10 20:56:00