×
A
A
A
Sazlamalar

Gənc aktrisa: Teatr həyatımın ayrılmaz hissəsidir

Bakı, 9 mart, AZƏRTAC

“Teatr məbəddir” deyirlər. İnsanın həyatda görmək istədiklərinin səhnədə rəmzləşdirilməsi, insanların arzularına doğru ümidlə getmələrində teatrın əhəmiyyəti böyükdür. Teatr ümumiyyətlə, bütün xalqların həyatında müstəsna rol oynayıb. Eləcə də bizim xalqımızın. Bu günlər Azərbaycan peşəkar milli teatrı 150 illik yubileyinin qeyd etməyə hazırlaşır. Bu bir əsr yarımlıq tarixi dövr ərzində Azərbaycan teatrı çox böyü inkişaf yolu keçib. Sevindirici haldır ki, bu yubiley Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə geniş şəkildə qeyd olunmaqdadır.
Bu fikirləri Milli Teatr Günü ərəfəsində AZƏRTAC-a açılqamasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədzadə deyib.
“Teatr müqəddəs yerdir! İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır”,- kəlamı Ulu Öndər Heydər Əliyevə məxsusdur.
Ümummilli Liderimiz Heydər Əliyevin bu sözləri mədəniyyət və incəsənətimizin böyük hamisi olan fenomen bir şəxsiyyətin teatr sənətinə verdiyi yüksək qiyməti bütün parlaqlığı ilə əks etdirir. O, tamaşaların premyeralarına gələr, tamaşa bitdikdən sonra səhnə arxasına keçər, dramaturqla, rejissorla, rəssamla, ayrı-ayrı aktyorlarla bu sahənin bilicisi kimi söhbət edər, fikirlərini bildirərdi. Ulu Öndərimiz ömrünün son günlərinə qədər bu ənənəni davam etdirdi. Bilirsiniz ki, bu il ölkəmizdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşa təqdimatları davam edir. Bütün bunlar çox sevindiricidir. Hazırda ölkəmizdə yaradıcı insanlar üçün hər cür böyük imkanlar yaradılıb”, -deyə gənc aktrisa bildirib.
Teatrı həyatının ayrılmaz bir hissəsi hesab edən S.Məmmədzadə deyib ki, bu sənət onun üçün hər şey deməkdir: Azərbaycan teatrının mövcudluğu şübhəsiz cəfakeş sənət fədailərinin hesabına mümkün olub. Onların bu sənətin inkişafı naminə gördükləri işlər heç də hədər getmədi. Məhz bizim böyük korifey sənətkarların çəkdikləri cəfalar hesabına bu gün Azərbaycan teatrı yaşayır və daim yaşayacaqdır”.
Teatra olan sonsuz marağından danışan həmsöhbətimiz bildirib ki, Bakı Xoreoqrafiya Məktəbində oxuyarkən Opera və Balet Teatrının səhnəsində çıxışlar edib. Elə o vaxtlardan da teatr onu öz sehrinə, öz cazibəsinə salıb: “Bu sənət böyük enerji, tükənməz həvəs tələb edir. Mən müasir teatr rejissorlarının demək olar ki, əksəriyyətinin tamaşalarına baxmışam, daim öyrənməyə çalışmışam və bu çalışqanlıq məndə böyük inam yaradıb”.
Teatra dövlət qayğısından danışan aktrisa deyib ki, pandemiyadan sonra sənət ocaqları yeni inkişaf yoluna qədəm qoyub. Hazırda teatrlarda yeni əsərlər səhnəyə qoyulur və böyük maraqla qarşılanır. Belə əsərlərdən də biri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunan “Kod adı V.X.A” tamaşasıdır: “Bu tamaşa bir daha sübut edir ki, teatra maraq heç də azalmayıb, əskisə daha da çoxalıb. Bir sözlə teatr da var, teatrın aktyoru da”.
Qeyd edək ki, Səbinə Məmmədzadə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsində təhsil alıb. Bir müddət Pərviz Məmmədrzayevin rəhbərliyi ilə “Simsar” teatr studiyasında çalışıb. 2013-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatr sənəti sahəsində əldə etdiyi uğurlarına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı”na layiq görülüb.

 

Teatr və kino 2023-03-09 14:58:28