×
A
A
A
Sazlamalar

Şövqi Hüseynov: İnanıram ki, Azərbaycan teatrı dünya səhnəsində daha intensiv təmsil olunacaq

Bakı, 9 mart, AZƏRTAC

Bu il Azərbaycan Peşəkar Milli Teatrının yaradılmasının 150 ili tamam olur. Əsası 1873-cü il martın 10-da Bakıda “Lənkəran xanının vəziri” komediyası ilə qoyulan Azərbaycan teatrı bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin Milli Teatr Gününün təsis edilməsi və teatrın 150 illiyinin qeyd olunması ilə bağlı sərəncamları bu yeni mərhələnin əsasını təşkil edir. Azərbaycan teatrı həmişə cəmiyyətin mədəni tərəqqisinə xidmət edib və buna nail ola bilib. Milli teatrımız uzun və şərəfli tarixi yol keçib, postsovet məkanında ən yaxşılardan olub. Azərbaycan teatrının yetirmələri müstəqillik illərində qonşu dövlətlərin, xüsusilə qardaş Türkiyənin teatrlarının inkişafında və teatr tədrisində müstəsna rol oynayıblar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Əməkdar artist Şövqi Hüseynov söyləyib.
O bildirib ki, son 30 il ərzində Azərbaycanda teatr sənəti daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub, dünyada daha çox tanınıb, beynəlxalq səhnələri fəth edib. “Qürurla demək istəyirəm ki, mən də bir aktyor kimi milli teatrınızı dünya səhnələrində, beynəlxalq festivallarda şərəflə təmsil edirəm və hər bir alqışla, təriflə, mükafatla ölkəmin adını ucaltdığıma görə fəxr edirəm. Fəxr edirəm ki, mən məhz Azərbaycan səhnəsinin yetirməsiyəm”, - deyə Əməkdar artist qeyd edib.
O əlavə edib ki, bu gün ölkəmizdə 20-dən çox dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda yüzlərlə aktyor çalışır. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bu sənətə sayğının və qayğının bariz nümunəsidir: “Prezident İlham Əliyevin göstərişi ilə teatr binaları təmir və bərpa etdirilir, onların dünya teatr səhnəsinə uyğun fəaliyyət göstərmələrinə hər cür şərait yaradılır. Teatrın inkişafı üçün Dövlət Proqramı uğurla həyata keçirilib. Bir ay əvvəl dövlətimizin başçısının Azərbaycan peşəkar milli teatrın yaradılmasının 150 illik yubileyi ilə bağlı imzaladığı müvafiq Sərəncam da dövlətin teatr sənətinə olan diqqətinin ifadəsidir. Eyni zamanda, inanıram ki, son vaxtlarda Mədəniyyət Nazirliyində aparılan islahatlar da teatr sənətimizin daha da irəli getməsinə şərait yaradacaq, Azərbaycan teatrı dünya səhnəsində daha intensiv təmsil olunacaq. Mən də bir aktyor kimi bu sahədə öz yaradıcı potensialımdan tam gücü ilə istifadə etməyə daim hazıram. Teatrımızın 150 illiyi münasibətilə bütün həmkarlarımı və teatrsevərləri təbrik edirəm, daha böyük səhnə uğurları arzu edirəm”.

Teatr və kino 2023-03-09 12:10:58