×
A
A
A
Sazlamalar

İlham Namiq Kamal: Teatrın yubiley bayramı sənətin inkişafı deməkdir

Bakı, 9 mart, AZƏRTAC

Martın 10-da Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyini qeyd edəcəyik. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı teatr ictimaiyyətinə deyərdim ki, ən böyük bayram hədiyyəsi oldu. Bu 150 illik yubileydə mənim də yarım əsrlik payım olduğundan özümü xoşbəxt hesab edirəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xalq artisti, “Şöhrət” ordenli professor İlham Namiq Kamal deyib.
“Xatirələr məni nə az, nə də çox, düz yarım əsr əvvələ, peşəkar milli teatrın 100 illik yubileyi keçirilən dövrə apardı. O vaxt mənim 25 yaşım vardı və Milli Dram Teatrında çalışırdım. Bu əlamətdar yubiley tədbiri ilə bağı Azərbaycan SSR KP MK-nın birinci katibi Heydər Əliyev Sərəncam imzalamışdı. Yubiley tədbiri 1974-cü il may ayının 31-də çox böyük təntənə ilə qeyd olundu. Yubiley tədbirində Azərbaycan SSR KP MK-nın Birinci katibi Heydər Əliyev çıxış etdi. Elə həmin gün SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Lenin” ordeni ilə təltif olundu, kollektivin böyük bir qismi müxtəlif fəxri adlara layiq görüldü. Yarım əsrlik bir müddət keçməsinə baxmayaraq, bu günə qədər milli teatrın 100 illik yubiley tədbiri və tədbirdə Heydər Əliyevin mükəmməl çıxışı xatirələrdədir. Yubiley tədbirindən sonra, bir çox teatrlar maraqlı tamaşalarla tamaşaçılara sevinc bəxş etdilər. Bütün bunlar Ulu Öndərin danılmaz xidmətləri hesab olunmalıdır”,- deyə Xalq artisti bildirib.
Azərbaycan teatrının keçdiyi şərəfli inkişaf yolundan danışan görkəmli aktyor deyib ki, zamanın sınaqlarından üzü ağ çıxmış Azərbaycan teatrının 150 illik inkişaf yolu bir daha ölkəmizdə bu sənətin qədim və zəngin tarixi olduğunu göstərir. İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə əlaqədar meydan mərasimləri, “Qaravəlli” tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən edib, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verib. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində köklü forma və məzmun dəyişiklikləri yaranıb. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olub. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynayıb. Bir sözlə uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub.
“Bu il ölkəmizdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşa təqdimatları davam edir. Bütün bunlar çox sevindiricidir. Ulu Öndər hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd olunması haqqında” Sərəncam buna bariz nümunədir. Sərəncamda qeyd olunduğu kimi “Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycan teatrının 100 illik yubileyinin qeyd olunması diqqətəlayiq mədəniyyət hadisəsinə çevrilmiş və teatrımızın çiçəklənməsinə yeni stimul vermişdir”. Bu həqiqətdə belə idi. Teatrın yubiley bayramı sənətin inkişafı deməkdir. Qalib ölkənin rəhbəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Milli teatrın 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam biz- teatr xadimlərini çox sevindirir. Milli teatrın 150 illik yubiley Sərəncamı, müəyyən qədər, haradasa Ulu Öndərin 100 illik yubiley Sərəncamının davamı hesab olunmalıdır. 50 il bundan əvvəl Milli Teatrın taleyi və gələcək inkişafı müasir Azərbaycanın yaradıcısı Ulu Öndər Heydər Əliyevi düşündürdüyü kimi, onun layiqli davamçısı, Prezident İlham Əliyev də elə düşündürür. Xalqımız Prezident İlham Əliyevin ata vəsiyyətinə necə diqqət və sayğı ilə yanaşdığını yaxşı bilir. 30 ilə yaxın işğalda olan vətən torpaqlarının azad olunması da, məhz ölkə rəhbərinin ata vəsiyyətinə olan diqqət və sayğının bariz nümunəsidir. Bizlər-teatr xadimləri ölkə rəhbərinin qəbul etdiyi Sərəncamı çox böyük sevinclə qarşıladıq və onun milli teatr sənətinin gələcək inkişafına xidmət edəcəyinə tam əmindir. Teatrımızın gələcəkdə milli köklərdən və dünya teatr təcrübəsindən bəhrələnərək beynəlxalq arenada daha mükəmməl şəkildə öz sözünü deyəcəyinə çox inanıram. Ölkə rəhbərinin imzaladığı Sərəncamın teatr xadimlərinin yaradıcılığına çox böyük ruh yüksəkliyi verəcəyinə də əminəm,-deyə “Şöhrət” ordenli professor İlham Namiq Kamal deyib.
Çoxsaylı teatr xadimlərini qarşıdan gələn təntənəli bayram münasibətilə ürəkdən təbrik edən Xalq artist İlham Namiq Kamal onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb: “Teatr bayramınız mübarək olsun, dostlar!”.

Teatr və kino 2023-03-09 11:40:59