×
A
A
A
Sazlamalar

Şəkinin payızlıq taxıl əkinlərində kompleks mübarizə tədbirləri görülür

Şəki, 2 mart, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında ötən ilin payızında cari ilin məhsulu üçün 64 min 572,8 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 32 min 940,8 hektarını buğda, 31 min 632 hektarını arpa sahələri təşkil edir. Hazırda aidiyyəti qurumlar və fermerlər tərəfindən payızlıq taxıl əkinlərində kompleks tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Qurumun rəsmisinin məlumatına görə, ümumi taxıl əkinlərinin 16 min 704 hektarı şərti suvarılan ərazilərdir. Hazırda taxıl sahələrində birinci vegetasiya suvarılmasına başlanılıb və bu günədək 987 hektar sahə suvarılıb. Bundan əlavə, dövlət büdcəsindən verilən subsidiya və fermerlərin öz vəsaiti hesabına indiyədək 12 min 326 hektar taxıl sahəsinə yemləmə gübrəsi (azot, karbamid, ammoniun nitrat) verilib və gübrələmə işləri davam etdirilir.
Baş məsləhətçi onu da bildirib ki, taxıl sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri də görülür. Belə ki, indiyədək 3475,3 hektar sahədə siçanabənzər gəmiricilərə, 1835,5 hektarda zərərvericilərə, 665 hektarda isə alaq otlarına qarşı kimyəvi mübarizə aparılıb.

Kənd təsərrüfatı 2023-03-02 18:02:04