×
A
A
A
Sazlamalar

“Bu, quşçuluq təsərrüfatlarının xərclərinin azaldılması baxımından ciddi addımdır” - Mürvət Həsənli

Bakı, 28 fevral, AZƏRTAC

Prezidentin Fərmanına əsasən yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 2023-cü il yanvarın 1-dək, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 2022-ci il dekabrın 31-dək müəyyən edilmişdi. Azərbaycan heyvandarlıq və quşçuluq sektorunda fəaliyyət göstərən müəssisələrin xahişini nəzərə alaraq, Nazirlər Kabineti fevralın 7-də yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddətini 2023-cü ilin sonunadək uzadıb. Fevralın 27-də isə Prezident İlham Əliyevin Fərmanı ilə həmin məhsulların idxalının ƏDV-dən azad olunması 2024-cü il yanvarın 1-dək uzadılıb.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə heyətinin sədri Mürvət Həsənli AZƏRTAC-a bildirib ki, bu addımlar istehsal olunan məhsulların maya dəyərinin artmasının qarşısını alacaq: “2022-ci ildə qlobal bazarlarda qeydə alınan qiymətartırıcı proseslər Azərbaycana ciddi təsir edib. Azərbaycan hökuməti bu təsirləri yumşaltmaq məqsədilə bir sıra addımlar atıb, yem və yem əlavələrinin idxalı gömrük rüsumları və ƏDV-dən, ölkədə satışı ƏDV-dən azad edilib. Bu addımlar heyvandarlıq və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir. Quşçuluq təsərrüfatları ötən ilin payızında əlverişli bazar konyunkturasını nəzərə alaraq, quş əti və yumurtanın qiymətini xeyli dərəcədə endirməyə nail oldular. Bu qiymət səviyyəsinin davam etməsi üçün dövlətin tətbiq etdiyi dəstək mexanizmlərinin bu il də qüvvədə olması vacib amil idi. Biz də bunu nəzərə alaraq, müvafiq dövlət qurumlarına müraciət etmişdik. Müraciətimizin müsbət qarşılanması göstərir ki, Azərbaycan dövləti üçün daxili bazarı inflyasiya yaradan amillərin təsirindən qorumaq, əhalinin xərclərinin artmasının qarşısını almaq ən ümdə məsələlərdən biri olaraq qalır”.
M.Həsənli, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin Fərmanı ilə quşçuluq sahəsində istifadə olunan mühüm dərman preparatlarının idxalı da ƏDV-dən azad edilib: “Bu, quşçuluq təsərrüfatlarının xərclərinin azaldılması baxımından ciddi addımdır. Quşçuluq təsərrüfatları adından, müvafiq dövlət qurumlarına, xüsusilə də Prezidentimizə bu dəstəyə görə minnətdarlığımızı bildirirəm”.

Kənd təsərrüfatı 2023-02-28 13:16:00