×
A
A
A
Sazlamalar

“Mərmər soyuğu” filmi Avropada

Bakı, 28 fevral, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi fevralın 28-dən martın 7-dək Fransanın Vesoul şəhərində keçirilən 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının (Festival International des Cinémas d'Asie) müsabiqə proqramında iştirak edəcək.
Bu barədə AZƏRTAC-a “Azərbaycanfilm” kinostudiyasından bildirilib.
Qeyd edilib ki, filmin festival marşrutu mart ayı ərzində davam edəcək. Belə ki, “Mərmər soyuğu” martın 16-dan 31-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək 27-ci Sofiya Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında yarışacaq.
Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib. “Mərmər soyuğu” festivalın əsas müsabiqə proqramında iştirak edərək “Ən yaxşı aktyor” (Qurban İsmayılov) mükafatına layiq görülüb. 2022-ci ildə “Mərmər soyuğu” Hindistanın Qoa şəhərində keçirilən 53-cü Hindistan Beynəlxalq Film Festivalının əsas proqramda və 16-cı Avrasiya Beynəlxalq Film Festivalında da iştirak edib. Sonuncu festivalda film “Ən yaxşı rejissor” (Asif Rüstəmov) mükafatına layiq görülüb.

Teatr və kino 2023-02-28 10:30:12