×
A
A
A
Sazlamalar

Teatrlarda Xocalı kədəri və Zəfər tariximiz

Bakı, 27 fevral, AZƏRTAC

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi “Missiya” tamaşası nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli tariximizin ağrılı-acılı günlərinin, qan yaddaşımızın bədii nümunələrdə, o cümlədən səhnə əsərlərində təcəssüm etdirilməsinin vacibliyindən söz açıb, teatrın yaradıcı heyətinə uğurlar arzulayıb.
Səhnə əsərinin qəhrəmanı xüsusi təyinatlıların mayoru Mübariz Eyvazov 44 günlük Vətən müharibəsində Şuşa yaxınlığında ağır yaralanaraq komaya düşür. Ruhlar aləmində 1992-ci ildə Şuşa uğrunda şəhid olmuş atası ilə görüşür. Ata ilə oğulun söhbətində və atanın xatırlamalarında erməni vandalizmi açıqlanır, bugünkü Azərbaycan Ordusunun qüdrəti vurğulanır. Mayor hospitalda gözlərini açanda Ali Baş Komandanın fərəh və iftixarla söylədiyi ifadələri eşidir: “Əziz Şuşa, sən azadsan!”
Füzuli Dövlət Dram Teatrında Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş "Xocalı harayı" adlı poetik faciə nümayiş olunub.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və ədəbi hissə müdiri Şəlalə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.
Rolları İntizar Quliyeva, Sehran Xanlarov, Şəlalə Nəsirova, Sevinc Məmmədova, Emin Abışov, Əli Hüseynov və başqaları oynayıblar.
Şuşa Dövlət Musiqili Dram Teatrı Xocalı faciəsinin 31-ci ildönümünü "Xocalım, biz qayıdırıq" adlı ədəbi-bədii kompozisiya ilə qeyd edib. Teatrın kollektivi səhnə əsəri ilə Dövlət Sərhəd Xidməti Akademiyasının şəxsi heyəti, Yasamal və Binəqədi rayon məktəblərinin şagirdləri qarşısında çıxış edib.
Salyan rayonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Anım tədbirində Salyan Dövlət Kukla Teatrının yaradıcı heyəti "Xocalı harayı" adlı kompozisiya təqdim edib. Kompozisiyada 26 fevral 1992-ci ildə baş verən Xocalı faciəsinin dəhşətləri və 44 günlük müharibədəki Zəfər tariximiz əksini tapıb.
Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Bakı Uşaq və Gənclər Teatrı Mingəçevir Dövlət Dram Teatrı ilə birgə Mingəçevir şəhərində tədbir keçirib. Tədbirdə əvvəlcə Mingəçevir teatrının aparıcı səhnə ustası, Xalq artisti Ella Yaqubova və aktyor Paşa Salmanovun ifasında “Xocalım” kompozisiyası göstərilib.
Sonra Bakı Uşaq və Gənclər Teatrının repertuarından “Vətən” tamaşası nümayiş olunub. Azərbaycanın dövlət atributlarına - Dövlət Bayrağına və Dövlət Himninə həsr edilən tamaşanın rejissoru Əməkdar artist İntiqam Soltandır. Rolları Niyaz İlyasoğlu, Rauf Hüseynli və Qurban Əhmədov ifa ediblər.

 

Teatr və kino 2023-02-27 16:40:42