×
A
A
A
Sazlamalar

Dünyada hər 5 uşaq və yeniyetmədən birində düzgün qidalanmama problemi var

Bakı, 21 fevral, AZƏRTAC

İspaniyada aparılan araşdırmaya görə, hər 10 qızdan 3-də və 6 oğlandan birində anoreksiya, bulimiya və digər normadan artıq pəhriz saxlamaq problemi var.
AZƏRTAC StudyFinds saytına istinadla bildirir ki, dünyada 22 faiz uşaq normal qidalanmama problemindən əziyyət çəkir. Alimlər bu kimi halların qarşısının alınması strategiyasına ehtiyac olduğunu vurğulayıb. Elm adamları tədqiqat üçün 16 ölkədən 7-18 yaşarası 63 mindən çox uşağın məlumatlarını və 32 il əvvəlki tədqiqatın nəticələrini müqayisə ediblər.
Kastilya-La Universitetindən həkim Jose Francisco Lopez-Gil qeyd edib ki, anoreksiya, bulimiya kimi xəstəliklərin miqyasını, risk qrupuna daxil olan əhalinin sayını müəyyən etmək, problemin aşkarlanması, qarşısının alınması və onlarla mübarizə aparmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi çox vacibdir: “Anoreksiya, bulimiya kimi xəstəliklər çox təhlükəli psixiatrik problemlər sırasındadır. Bu kimi xəstəliklərdən əziyyət çəkən insanlar ümumi əhalidən 10-20 il az yaşayır. Tədqiqatda iştirak edən 63 min 181 uşaq və yeniyetmədən 14 min 856-da normal qidalanmama probleminin əlamətləri müşahidə edilib. Qızlarda statistik göstərici oğlanlara nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir”, - deyə bildirib.
Tədqiqatçılar bu problemin qarşısının alınmasının gənclərin maariflənməsi ilə əsaslı şəkildə bağlı olduğunu qeyd edib: “Araşdırma göstərir ki, hər 5 uşaq və yeniyetmədən birində düzgün qidalanmama problemi var. Ümumdünya Səhiyyə Təşkilatının Kompleks Psixi sağlamlıq fəaliyyət planı informasiya sistemlərini, sübutları və tədqiqatları gücləndirmək məqsədi daşıyır. Planda müalicə olunmadığı təqdirdə, fərd, ailə və cəmiyyət üçün zərərli nəticələrə səbəb olan normal qidalanmama probleminin mövcud vəziyyəti ilə bağlı epidemioloji sübutlar təqdim edilir”.
Amerika Pediatriya Akademiyası və Amerika Uşaq və Yeniyetmə Psixiatriya Akademiyası gənclərdə boy və çəki monitorinqi aparmağı və onları tibbi analizlərdən keçirməyi məsləhət görür.

Səhiyyə 2023-02-21 16:19:00