×
A
A
A
Sazlamalar

Dilində bədxassəli şiş aşkar edilən pasiyent Tədris Cərrahiyyə Klinikasında uğurla əməliyyat olunub

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dildə bəd xassəli şişin əməliyyatı icra olunub.
AZƏRTAC ATU-a istinadla bildirir ki, ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, plastik və rekonstruktiv cərrah, klinikanın Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Məhəmməd Davudovun sözlərinə görə, pasiyent onlara dilinin sol yan hissəsində bir xoranın, zədələnmə ocağının olması şikayəti ilə müraciət edib. Bu zədələnmə ocağının bir müddət əvvəl əmələ gəldiyini deyib. Bundan sonra tibbi protokollara uyğun olaraq öncə pasiyentdən biopsiya götürülüb. Biopsiyanın nəticəsinə görə, dilin yastı epitelinin karsinoması diaqnozu təsdiqlənib.
Pasiyentin əməliyyatdan sonrakı vəziyyətinə aydınlıq gətirən cərrah, patohistoloji müayinələr nəticəsində boyun limfa düyünlərində metastaz aşkar edilmədiyini, cərrahi kənarların da təmiz olduğunu vurğulayıb. Qeyd edib ki, xəstə əməliyyatdan sonra 2 gün stasionar müalicə alaraq, kafi vəziyyətdə evə buraxılıb və 3 aydan sonra kontrol müayinəyə gəlməsi tövsiyə olunub. Onu da xatırladıb ki, belə hallarda xəstə nəzarətdə saxlanılsa da, radioterapiyaya və kimyəvi dərman müalicəsinə ehtiyac qalmır. Xəstə ilk bir il müddətində 3 aydan bir, sonrakı ildə 6 aydan bir, əməliyyatdan iki il sonra isə ildə bir dəfə müayinə olunmalıdır. Çünki ağız boşluğu selikli qişası xərçəngi daha çox ilk iki il müddətində təkrarlana, yenidən əmələ gələ bilər. İki ildən sonrakı müddətdə təkrar əmələ gəlmə ehtimalı az olduğu üçün ildə bir dəfə müayinə kifayətdir.

Səhiyyə 2023-02-20 11:14:00