×
A
A
A
Sazlamalar

Mütəxəssis: COVID-19 infeksiyasından sağalan xəstələrdə sonradan çoxsaylı fəsadlar yaranır

Bakı, 18 fevral, Aytac Haqverdiyeva, AZƏRTAC

COVID-19 infeksiyasından sağalan xəstələrdə sonradan çoxsaylı fəsadların yaranması halları müşahidə olunur. Son dövrlərdə ürək-damar sistemi xəstəlikləri, insult, infarkt kimi problemlərdən əziyyət çəkən xəstələrin sayında statistik artım var.
Bunu AZƏRTAC-a açıqlamasında 2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin ağciyər üzrə mütəxəssisi həkim-ftiziatr Afət Novruzova deyib.
Onun sözlərinə görə, dünyada ürək-damar xəstəliklərindən vəfat edənlərin sayı 26,6 faiz artıb: “Ürək-damar xəstəliklərindən vəfat edənlərin sayının artması COVID-19 infeksiyasından sağaldıqdan sonra orqanizmdə yaratdığı çoxsaylı fəsadlarla bağlıdır. COVID-19 tək bir orqanın deyil, tam orqanizmin xəstəliyidir. Hava-damcı üsulu ilə yayılan virus ilk öncə ağız və buruna daxil olur. Bəzi xəstələrdə bu virus sinir sisteminə keçir. Burnun yuxarı balıqqulaqlarında olan qoxu reseptorları vasitəsilə sinir sistemini və beynin strukturunu, tənəffüs mərkəzini zədələyir. Alimlər tərəfindən aparılan tədqiqatlar göstərir ki, koronavirus infeksiyası onurğa beyin və baş-beyində ciddi fəsadlar yaradır. Çin və Yaponiya alimləri COVID-19 xəstələrinin onurğa beynində virusun genetik maddəsini aşkar edib. Eyni zamanda, ABŞ-ın Florida ştatında aparılan tədqiqatlarda beyin hüceyrələrində viral hissəciklər müşahidə edilib. Alman alimləri isə hər 100 koronavirus xəstəsindən 78-də ürəyin zədələnməsi probleminin yarandığını bildirir”, - deyə həkim-ftiziatr qeyd edib.
COVID-19 xəstəliyinin insanın gələcək sağlamlığında problemlərə səbəb ola biləcəyini deyən mütəxəssis: “COVID-19 infeksiyasını yüngül keçirən xəstələrin çoxunda sağalandan hətta bir neçə ay keçməsinə baxmayaraq müxtəlif mənfi hallar müşahidə edilir. Bu, post-COVID sindromu adlanır. Sindromun simptomları dalğavari və ya daimi olur. Xəstəliyin müəyyən bir əlaməti uzun müddət xəstədə müşahidə edilirsə, buna daimi post-COVID sindromu deyilir. Davamlı halsızlıq, təngnəfəslik, yuxusuzuq, depressiya, yaddaş, dadbilmə və iybilmənin itməsi, sümük və əzələ ağrıları, psixi problemlər post-COVID sindromunun ilkin simptomlarıdır. Bu sindrom 12 həftə müşahidə edilir. Lakin bəzi hallarda sindromun əlamətləri xroniki vəziyyətə keçir və həmin şəxslərdə uzun müddət davam edir. Sindrom koronavirus infeksiyasından sağaldıqdan dərhal sonra və ya 3 ay müddətində müşahidə edilir. Düzgün müalicə və diaqnoz xroniki halın qarşısını alır. Bu səbəbdən post-COVID sindromunda xəstə öz sağlamlığını qorumalı, xroniki halın qarşısını almaq üçün mütəxəssisə müraciət etməlidir”, - deyə həkim bildirib.

Səhiyyə 2023-02-18 16:24:00