Qaxda 400 hektardan çox sahədə tütün əkini proqnozlaşdırılır
Qax, 17 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 406 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Qaxlı fermerlər cari təsərrüfat ilində 380 hektar sahədə “Virciniya botaniki”, 26 hektarda isə digər növ tütün yetişdirəcəklər. Tütün əkini ilə əlaqədar indiyədək 34 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr hələlik 249,7 hektar təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda əhaliyə məxsus təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanmasına başlanılıb. Fermerlərin tütün şitillərinə olan tələbatının tam şəkildə ödənilməsi üçün cari mövsümdə təsərrüfatlarda 6 min kvadratmetr sahədə istixanaların hazırlanması nəzərdə tutulur. İstixanalarda artıq toxum səpininə start verilib. Yetişdiriləcək tütün şitilləri hava şəraitindən asılı olaraq martın ikinci yarısı - aprelin əvvəllərində sahələrə köçürüləcək.
Xatırladaq ki, qaxlı fermerlər ötənilki mövsümdə 373,3 hektar sahədən 408 ton quru tütün əldə ediblər.
Balakənli kümçülər iki gündə qəbul məntəqəsinə 2,1 tondan çox yaş barama təhvil veriblər
Şabranda taxıl biçininə hazırlıq işləri yekunlaşıb
Zaqatalada mövsümün ilk günündə 351 kiloqram yaş barama təhvil verilib
Neftçalada respublika üzrə mövsümün ilk taxıl biçininə start verilib
Ağcabədi kümçüləri mövsümün ilk günündə 957 kiloqram barama təhvil veriblər