×
A
A
A
Sazlamalar

Əksər hallarda uşaqlarda onkoloji xəstəliklərin müşahidə edilməsinin səbəbi genetik faktorlardır

Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Bu günün təsis edilməsində məqsəd uşaq xərçəngi ilə bağlı məlumatlılığı artırmaq, xərçəng xəstəliyindən əziyyət çəkən uşaq və yeniyetmələrə, bu xəstəlikdən sağalanlara və onların ailələrinə dəstək ifadə etməkdir, həmçinin həmin xəstəliyə dair əhalini maarifləndirməyə yönəldilib. Bu gün bütün sivil dünya bir araya gələrək uşaqlarda xərçəng xəstəliyinin diaqnostikasi və müalicəsinin prioritet məsələ olduğunu bir daha qeyd edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiyası Klinikasının rəhbəri, tibb elmləri doktoru Reyman İsmayılzadə deyib.
Onun sözlərinə görə, hər ilin bu günü keçirilən müxtəlif tədbir və kampaniyaların məramı dünya ictimaiyyətinin diqqətini onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yönəltmək və insanları onların problemlərinə şərik olmağa səsləməkdir. Təəssüf ki, dünyada belə xəstələrin sayı ildən-ilə artır və bu, uşaq xərçəng xəstəliyinin diaqnostikası və müalicəsinin prioritet məsələ olduğunu bir daha təsdiq edir və milyonlarla uşağın və valideynin səsinə səs verir.
Bu gün həm də bütün dünyada xərçəng xəstəliyindən vəfat etmiş uşaqların əziz xatirəsi anılır və həmin xəstəliyə qalib gələn uşaqların cəsarəti, əzmkarlığı qeyd olunur.
Klinikanın rəhbəri, həmçinin deyib: “Bəzən uşaqlarda ana bətnində olarkən (prenatal) şişlər yaranır. Bunu ultrasəs müayinəsi zamanı görmək mümkündür. Bəzi onkoloji xəstəliklər (neyroblastoma) ana bətnində olsa da körpə dünyaya gələndən sonra öz-özünə spontan olaraq reqressiya edə, yəni geriyə inkişaf edə bilər. Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir və uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1.5 faizini təşkil edir. Böyüklərdən fərqli olaraq uşaqlarda onkologiyanın əsas hissəsini embrional solid şişlər və leykemiya (qan xərçəngi) təşkil edir. Bunlar arasında leykemiyalar 25-28, mərkəzi sinir sisteminin şişləri - 15-20 və limfomalar - 10-15 faiz təşkil edir. Valideynlərin qeyri-sağlam həyat tərzi, onların hormonal preparatlar qəbul etməsi, zərərli vərdişləri, düzgün olmayan qidalanması uşaqlarda törəmələrin əmələ gəlməsinə təsir göstərə bilər. Klinikaya 2021-ci ildə 165, ötən il isə 167 onkoloji xəstə müraciət edib”.
Hazırda praktiki dərman probleminin olmadığını qeyd edən R.İsmayılzadə klinikada istifadə edilən bütün dərmanların dövlət tərəfindən təmin edildiyini diqqətə çatdırıb: “Hazırda klinikada cərrahi müalicə, kimya və şüa terapiyaları aparılır. Bütün müalicə taktikasi müasir beynəlxalq protokollara əsaslanır. Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Gününün məqsədi, eyni zamanda, dünya ictimaiyyətinin diqqətini onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara yönləndirməkdir. Xərçəngin növlərinin ilkin simptomları fərqlidir. Lakin dəri solğunluğu, qanaxmaya meyillilik, dəridə petexiyalar, göyərmələr, damaqlardan, burundan səbəbsiz qanaxma, iki həftədən çox davam edən səbəbsiz yüksək hərarət, təkrar və ya davamlı infeksiyalar, halsızlıq, iştahasızlıq və çəki itkisi, sümüklərdə, oynaqlarda ağrı hissi və əllənən kütlə, nevroloji simptomlar, qara ciyər və dalağın böyüməsi, göz bəbəklərində dəyişiklik (“pişik gözlülük”), limfa düyünlərinin ağrısız böyüməsi, qarında bərk ağrısız törəmənin hiss edilməsi, kəskin baş ağrıları, qusma, ikigörmə, başgicəllənmə ümumiləşmiş əlamətlər kimi müşahidə edilə bilər”.
Uşaqlarda xərçəng xəstəliyinin yaranmasına genetik faktorların rolundan danışan mütəxəssisin sözlərinə görə, tütün məhsullarından istifadə, normadan artıq radiasiyaya məruz qalmaq, qeyri-sağlam qida məhsulları onkoloji xəstəliyin yaranmasında rol oynaya bilər. Lakin uşaqlarda həmin faktorlar əsas deyil. Əksər hallarda uşaqlarda onkoloji xəstəliklərin müşahidə edilməsinin səbəbi genetik (irsi) amillərdir. Burada qohum evlilikləri də rol oynayır. Uşaqlara edilən müalicə üsulları fərqlidir. Onlar embrional törəmələr olduğuna görə kimyaterapiyaya daha həssas olur. Buna görə də əsas müalicə intensiv və çoxkomponentli dərman müalicəsidir. Dərman müalicəsi zamanı solid şişlər kiçilir. Daha sonra isə şüa terapiyası və ya cərrahi müdaxilə edilə bilər.
“Son illərdə klinikamızda müalicə nəticələri Rusiya və Şərqi Avropa ölkələrindəki nəticələrdən fərqlənmir. Kiçik xəstələrimizin böyük əksəriyyəti sağlamlığına qovuşur”, - deyə R.İsmayılzadə bildirib.

Səhiyyə 2023-02-15 18:16:00