×
A
A
A
Sazlamalar

Çirkli hava gənclərdə aşağı qan təzyiqinə səbəb olur

Bakı, 15 fevral, AZƏRTAC

İngilis alimləri havanı çirkləndirən 2,5 mikrometrdən kiçik maye və ya bərk hissəciklərə, eyni zamanda yüksək səviyyədə azot dioksidinə məruz qalmanın gənclərdə aşağı qan təzyiqə səbəb olduğunu müəyyən edib.
AZƏRTAC CNN-ə istinadla bildirir ki, elm adamları çirklənmə ilə qan təzyiqi arasındakı bu əlaqəni Londonda böyük və etnik cəhətdən müxtəlif qrupların uşaqlarının sağlamlıq vəziyyətini izləyən “Yeniyetmələrin sosial rifahının və sağlamlığının müəyyənediciləri” adlı uzunmüddətli tədqiqatın məlumatları ilə müəyyən ediblər.
Tədqiqatda 3 min 200-dən çox gəncin cəlb edildiyi və gənclərin yaşadıqları yerlərdə illik havanın çirklənməsi hesabatlarının qiymətləndirildiyi qeyd edilib.
Araşdırmada çirklənməyə səbəb olan zərrəciklərin insan saçının 20-də biri qalınlığında olduğu, tənəffüs yolu ilə bədənin müdafiə sistemindən ağciyərə keçdiyi, daha sonra nəfəsvermə ilə xaric olunmadığı və bədənə qarışdığı ifadə edilib. Bu hissəciklər qıcıqlanma və iltihaba səbəb olur. Nəticədə isə insan orqanizmində bir çox sağlamlıq problemləri yaradır. Hava çirklənməsi insanın sirkadiyalı ritmlərini pozaraq qan təzyiqinə təsir edə bilər.
Eyni zamanda hissəciklər böyrəklərdə gün ərzində natrium filtrasiya qabiliyyətini azaldır, bu da gecə qan təzyiqinin yüksəlməsinə səbəb olur.
Qeyd edilib ki, Londonda çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) insanlar üçün tövsiyə etdiyi təhlükəsiz səviyyədən xeyli yüksəkdir və dünya əhalisinin 99 faizi ÜST-nin tövsiyə etdiyi hava keyfiyyətinə cavab verməyən yerlərdə yaşayır. Araşdırma "PLOS One" jurnalında dərc olunub.

Səhiyyə 2023-02-15 12:11:00