×
A
A
A
Sazlamalar

Qızdırmasalıcı dərmanlardan artıq miqdarda istifadə mədə-bağırsaq problemlərinə səbəb olur

Bakı, 14 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev uşaqlar arasında qastroenteroloji problemlər, qastrit, reflüks kimi xəstəliklərin səbəbləri ilə bağlı sualları cavablandırıb, valideynlərə tövsiyələrini verib. AZƏRTAC həmin müsahibəni təqdim edir.
- Anar həkim, qış mövsümünün gəlməsi ilə əlaqədar uşaqlar arasında hansı qastroenteroloji problemlərdə artım müşahidə olunur?
- Qış mövsümü ilə bağlı uşaqlar arasında bəzi qastroenteroloji problemlərin artması müşahidə olunur. Bunlardan qastrit, reflüks, mədə qanaması, qarında ağrı və sancını xüsusilə qeyd etmək istəyirəm. İlk növbədə, kəskin respirator virus infeksiyalarının, o cümlədən influenzanın artması uşaqlarda düşməyən qızdırmaya səbəb olur. Bu zaman valideynlər müxtəlif qızdırmasalıcı preparatlarla temperaturu endirməyə çalışırlar və bəzən həmin dərmanlar lazım olandan artıq miqdarda istifadə olunur ki, bu da müxtəlif mədə-bağırsaq problemlərinin əmələ gəlməsinə səbəb olur.
- Bəs qızdırmasalıcı dərmanlar necə istifadə olunmalıdır?
- Hərarəti zorla salmaq xəstəliyin gedişini dayandırmır, eyni zamanda, müxtəlif ağırlaşmalara gətirib çıxarır. Hərarəti salmaq üçün bütün dünyada əsasən asetaminofen (parasetamol) tərkibli dərmandan istifadə edilir. Qeyd edim ki, temperatur orqanizmin qoruyucu funksiyasıdır və orqanizm virus və ya digər mikroorqanizmlərlə mübarizə etmək üçün 38 dərəcəyə yaxın temperaturda daha aktiv mübarizə aparır. Xüsusi hallarda - febril qıcolma, ürək-tənəffüs çatışmazlığı, bəzi ürək xəstəlikləri zamanı hərarəti salmaq lazım gəlir. Qalan bütün hallarda hərarət 38 dərəcədən yuxarı olarsa, o zaman müdaxilə etmək lazımdır. Əgər hərarət düşmürsə, mexaniki üsullardan istifadə etmək olar. Bunun üçün ilıq duş (soyuq olmaz) almaq, iri damarlar olan nahiyələrə çox da soyuq olmayan tək qatlı isladılmış bintlərin qoyulması kimi üsullardan istifadə etmək lazımdır. Parasetamol uşaqlarda hər kiloqram çəkiyə 10-15 milliqram, yüksək temperatur davam edərsə 4-5 saat aralıqlarla verilməlidir. Əks halda, qaraciyərdə funksiya pozulmasına, mədənin selikli qişasında qanamaya səbəb ola və vəziyyəti daha da ağırlaşdıra bilər.
- Uşaqlar arasında qastrit, reflüks kimi xəstəliyin səbəbi nə ilə əlaqədardır?
- Son zamanlar məktəbyaşlı uşaqlar arasında “fast food” tipli yeməklərin, müxtəlif qazlı suların, energetik içkilərin, mayonez, dönər, ketçup kimi qidaların populyar olması müxtəlif mədə-bağırsaq problemlərinin, o cümlədən qastrit və reflüks xəstəliyinin artmasına gətirib çıxarıb. Məktəbyaşlı uşaqların həmin qidalardan çox istifadəetmə halları mədə ağrıları, qarında sancılar, bağırsaq pozulmaları kimi ağırlaşmalara gətirib çıxarır.
Qəbizlik də uşaq qastroenterologiyasında həmişə sıx rast gəlinən bir mədə-bağırsaq problemidir. Problemi aktual edən qəbizliyin hər yaşda görünməsi və uşaqlarda ciddi diskomforta səbəb olmasıdır. Təəssüf ki, əksər hallarda valideynlər həkimə çox gec müraciət edirlər. Bu zaman qəbizlik xronikləşir və müxtəlif fəsadlara səbəb olur. Bu zaman isə təbii ki, qəbizliyi müalicə etmək çox çətin olur.
Qəbizliyin artmasının yaşdan asılı olaraq bir çox səbəbləri var. Körpə uşaqlarda ana südü yerinə müxtəlif növ süni qidaların istifadəsi qəbizliyin daha kiçik yaşlarda görünməsinə gətirib çıxarır. Ana südü təbii qəbizlik əleyhinə dərmandır.
Qəbizliyin əsas səbəblərindən biri də uşaqların daha çox oturaq həyat tərzi keçirmələri və “fast food”dan çox istifadə etmələridir. Bağırsağın normal işləməsi üçün əsasən su və lif lazımdır. Bir sıra şəkərli qidalarda, asan həzm olunan karbohidratlarda bitki lifləri olmur. Bitki lifləri əsasən meyvə, tərəvəz, ət kimi məhsullarda və bəzi taxıllarda olur. Uşaqlar arasında son vaxtlar telefon və kompüterdən istifadə, həm oturaq həyat tərzi, həm də bütün diqqətlərini oyuna, kompüterə verdikləri üçün nəcis ifrazının əngəllənməsinə və qəbizliyə səbəb olur.
- Bir qastroenteroloq kimi valideynlərə nə tövsiyə edərdiniz?
- Əgər uşağın hərarəti varsa, 38 dərəcəni keçmədən endirilməməlidir. Parasetamol, bəzən də ibuprofen kimi dərmanlardan (ibuprofen də bəzi ciddi yan təsirlərə səbəb ola bilər və 1 yaşdan balaca uşaqlara verilməməlidir) uşağın kilosuna uyğun dozada, ən tezi 4-5 saat aralıqlarla verilməlidir. Uşaqlara bol maye verilməli, xəstəlik səbəbi ilə onsuz da maye qəbulu az olan hallarda lazım gələrsə, damardan yaşına uyğun maye köçürülməlidir. Susuzluq zamanı ağızdan verilən hərarətsalıcı dərmanlar daha zəif təsir edir. Əgər bütün bunlara rəğmən hərarət düşmürsə, mütləq mexaniki üsullarla salınmalıdır. Bir neçə fərqli forma dərman preparatlarını eyni zamanda istifadə etmək olmaz: məsələn, həm ağızdan, həm də şam kimi düz bağırsaqdan. Bu, mədə qanamasına və qaraciyər funksiyalarının ciddi pozulmasına səbəb ola bilər. Eləcə də öskürək də qoruyucu bir funksiya olduğu üçün dərhal öskürək üçün dərman vermək uyğun deyil. Sadəcə ağır, sıx təkrarlanan, boğulmaya səbəb olan öskürəklərdə həkim müayinə edərək dərman seçimi etməlidir.
Uşaqlar yaşdan asılı olaraq gündə ən az 1-2 litr su içməli, mövsüm meyvə-tərəvəzlərindən istifadə etməli, qışda meyvə quruları yeməli, zülal, yağ, karbohidrat, lif tərkibli balanslaşdırılmış qidalara yer verməlidirlər. Mütəmadi olaraq açıq havada hərəkət etməli, 4 yaşa qədər ekran qarşısında oturmamalıdırlar. Eyni zamanda, “fast-food” qidalardan mümkün qədər az istifadə etməsi tövsiyə olunur.

Səhiyyə 2023-02-14 12:19:00