×
A
A
A
Sazlamalar

Antibiotiklərin və venadaxili infuziyaların respirator virus infeksiyasına heç bir təsiri yoxdur

Bakı, 6 fevral, AZƏRTAC

Hər zaman olduğu kimi qış aylarında havalar soyuduqda respirator infeksiyaların insanlar arasında yayılması da artır. Son həftələrdə ölkəmizdə respirator virus infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Kollektivlərdə - məktəblərdə, uşaq bağçalarında, iş yerlərində, xüsusilə qapalı məkanlarda işləyənlər arasında həmin infeksiyaların yayılma riski daha çoxdur. Çünki tənəffüs yolu infeksiyalarından qorunmaq heç də asan deyil. Nəfəs alıb-verdiyimiz zaman həmin infeksiyaların törədiciləri hava-damcı şəklində xəstələrdən sağlam insanlara da yoluxur. Təbii ki, yoluxanların hamısı xəstələnmir və ya xəstələnənlərin hamısı onu eyni dərəcədə keçirmir. Burada törədicinin xüsusiyyətləri ilə yanaşı, insan orqanizminin də xüsusiyyətləri, fərdi rezistentlik qabiliyyəti, immunitet böyük rol oynayır. Törədicidən asılı olaraq həmin viruslar müəyyən əlamətlərlə xarakterizə olunur. Respirator sinsitial virus zamanı xüsusilə də körpələrdə tənəffüs çatışmazlığı müşahidə olunur. Son günlərdə rastgəlmə tezliyi artan rotavirus mədə-bağırsaq pozulması, ishal, ürəkbulanma, qusma əlamətlərinin olması ilə xarakterizə olunan dəyişikliklərin yaranmasına səbəb olur. Həmin infeksiyalara yoluxma fonunda koronavirusa yoluxanların da sayında müəyyən dalğalanmalar var. Lakin sevindirici məqam odur ki, hazırda koronavirusun törətdiyi dəyişikliklər və xəstəliyin kliniki gedişi heç də əvvəllər olduğu kimi ağır deyil. Əksər hallarda ağciyərlərdə dəyişikliklər qeydə alınmır, yəni insanları təşvişə salan “buzlu şüşə” görüntüsü o qədər də müşahidə olunmur. Qeydə alınsa belə kliniki olaraq o qədər də ağır gedişli olmur.
Bunu AZƏRTAC-a müsahibəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rafiq Bayramov deyib.
Mütəxəssis bildirib ki, özlərində infeksiya əlaməti hiss edənlər ilk olaraq izolyasiya olunmalı, yəni digər insanlarla təmasdan qaçmalıdırlar. Bundan əlavə, soyuqdan qorunmalı, bol ilıq maye, çay, vitaminlərlə zəngin, xüsusilə C, D vitamini ilə zəngin olan qidalar qəbul edilməlidir. Eyni zamanda, digər sağlam insanların həmin infeksiyaya yoluxmasının qarşısını almaqdan ötəri qapalı məkanlarda qoruyucu maskalardan istifadə edilməsi tövsiyə olunur. Xüsusilə də risk qrupuna aid olan, xəstələnmə ehtimalı daha çox olan və xəstəliyi daha ağır keçirənlərin qrip əleyhinə peyvəndlənməsi məsləhət görülür.
“Əgər respirator infeksiyaya yoluxub xəstələnən insanlarda temperatur iki-üç gündən artıq davam edərsə, təngnəfəslik əlamətləri olarsa, o halda mütləq həkimə müraciət etmələri tövsiyə olunur. Qripə, tənəffüs infeksiyalarına adi, yüngül xəstəlik kimi baxsaq da, bəzən çox ciddi fəsadların, ağırlaşmaların yaranmasına səbəb olur. Bu, istər körpə uşaqlarda, istər yaşlı insanlarda, istərsə də gənc və ortayaşlı insanlarda, yanaşı xəstəlikləri olanlarda da ola bilər. Bəzən insanlar temperatur bir az yüksələn kimi qızdırmasalıcı dərmanlardan istifadə edirlər. Əslində bunu tövsiyə etməzdim. Çünki temperatur orqanizmin müdafiə reaksiyasıdır. Belə ki, temperatur 38 dərəcəyə qədər olduğu halda hərarətsalıcı dərmanların istifadəsi məsləhət görülmür. Xəstələnənlər arasında öskürəyin çox rast gəlinməsi narahatedici əlamətlərdən biridir. Öskürəyi olanlar müxtəlif dərman preparatları ilə onun dərhal kəsilməsini istəyirlər. Öskürək də müdafiə refleksidir, yəni tənəffüs yollarında qıcığa səbəb olan yad maddənin xaric olunması üçün həmin reflektor akt qeydə alınır. Ona görə də öskürəyi yaradan səbəb, iltihabi dəyişikliklər aradan qalxmasa, öskürəyin kəsilməsinə yönləndirilmiş müalicənin aparılması da doğru deyil. Kəskin respirator virus infeksiyalarından sonra bir müddət öskürəyin olması adi haldır. Bunun qarşısı tənəffüs yollarındakı öskürəyə səbəb olan patoloji dəyişikliklərin aradan qaldırılmasına yönəlmiş müalicə nəticəsində tədricən alınır.
Bir məqamı da qeyd etmək istərdim. İstər koronavirus pandemiyasının tüğyan etdiyi dövrdə, istərsə də hazırkı respirator infeksiyaların geniş yayıldığı bir vaxtda özlərində tənəffüs yolları infeksiyalarının əlamətlərini hiss edənlərin bir qismi dərhal venadaxili infuziyaların, güclü antibiotiklərin özbaşına istifadəsinə başlayırlar. Güclü antibiotiklər arasında “seftriaksion” vurdurmaq demək olar ki, adi hal alıb. Qeyd edim ki, antibiotiklərin respirator viruslara təsiri yoxdur. Üstəlik də venadaxili infuziyaların da həmin virus infeksiyalarının müalicəsində effektivliyi o qədər də çox deyil. Çünki nə antibiotiklərin, nə də venadaxili infuziyaların həmin viruslara heç bir təsiri yoxdur. Bol ilıq maye qəbul edilməsi venadaxili infuziyalardan daha yaxşıdır”, - deyə R.Bayramov qeyd edib.

Səhiyyə 2023-02-06 10:42:00