×
A
A
A
Sazlamalar

Fevral-mart aylarında üzüm bağlarında diqqət yetirilməli məqamlar

Gəncə, 3 fevral, Elcan Məmmədov, AZƏRTAC

Soyuq aylarda, xüsusilə fevral-mart aylarında üzüm bağlarında torpağın müəyyən qatında yumşaltma işləri aparılır, səthi hamarlanır, sahə kvartal və qurşaqlara bölünərək, yeni üzümlüklər salınır. Tənəklərin budanması, çubuq hazırlanması, dayaq növü olan şpalerin təmiri, cavan bağların şpalerə qaldırılması işləri davam etdirilir. Vegetasiyanın birinci fazasında torpağın temperaturundan asılı olaraq birillik və çoxillik hissələrdəki “yaraların” yaşarması, yəni “ağlama” tam bitdikdən sonra birinci mütləq suvarma aparılmalıdır.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə fevral-mart aylarında üzüm bağlarında diqqət yetirilməli məqamlardan danışarkən Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva deyib.
O, qışın sərt keçdiyi illərdə sort və sahələr üzrə gözcüklərin və zoğların zədələnmə dərəcəsinin təyin edilərək tənəyin yükünün müəyyənləşdirilməli olduğunu bildirib: “Fevral-mart aylarında xəstəlik və ziyanvericilərə qarşı mübarizə işini vaxtında aparmaq üçün müalicəvi kimyəvi maddələr tədarük edilməlidir. Xəstəlik və ziyanvericilərin spor və fərdlərini məhv etmək üçün tənəklərin ştambı köhnə qabıqdan təmizlənməli, üzümlüklərə “Bordo” mayesi və ya “Nitrofen”in 2-3 faizli məhlulu çilənməlidir”.
Mart ayında tənəklərin budanması, cavan tənəklərə forma verilməsi, şpalerin təmiri və quru bağlama işləri başa çatdırılır. Torpağa mineral gübrələr verilib, yumşaldılır. Cavan üzümlüklərdə ting basdırılır, məhsul verən bağlarda isə dayaqlar vasitəsilə sahələrdəki seyrəklik aradan qaldırılır. Suvarma üçün kanal və arxlar təmizlənir və təmir edilir.
“Filloksera ziyanvericisi yayılma ehtimalı olmayan rayonlarda öz kökü üzərində bitən çubuqlarla tinglik salınır. Filloksera ziyanvericisinə davamlı calaq tinglər yetişdirilən təsərrüfatlarda kütləvi calaqvurma işinə başlanır və calaqlar şaquli basdırılır,” – deyə mütəxəssis bildirib.

Kənd təsərrüfatı 2023-02-03 14:58:13