×
A
A
A
Sazlamalar

Əkin sahələrində məhsuldarlığın təməli qış şumu ilə qoyulur

Sabirabad, 2 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonunda pambıqçılar növbəti əkin mövsümünə hazırlaşırlar. Yüksək məhsuldarlıq üçün ilk iş torpaq sahəsinin keyfiyyətli şumlanmasından başlayır. Elə bu məqsədlə fermerlər qış şumunu daha keyfiyyətli və optimal müddətdə yekunlaşdırmağa çalışırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabadda yazlıq əkinlər üçün qış şumu davam edir. Ötən il pambıq bitkisindən yüksək qazanc əldə edən fermerlərdən biri də rayonun Əsədli kənd sakini Rüfət Soltanovdur. Beş ildir ki, pambıqçılıqla məşğul olan gənc fermer bu il də 2 hektar sahədə pambıq əkməyi qərara alıb. Qış şumunun faydaları haqqında danışan fermer bildirir ki, ilk iş qış şumundan başlayır, daha sonra qış aratı olur: “Bu, torpağı dincəldir. Qış aratından sonra digər aqrotexniki qaydalara uyğun işlər görülür və aprel ayında əkin işlərinə start verilir. Bu qayda ilə ötən il 35-40 sentnerarası məhsul əldə etmişik. Torpaqlarımız çox münbit olduğu üçün bu il məhsuldarlığı 50 sentnerə çatdırmaq niyyətindəyik".
Pambıq sahəsi şumlanarkən sahədə əvvəlki əkindən qalan pambıq çöpləri də texnikalar vasitəsilə doğranılaraq torpağa qarışdırılır. Bu isə növbəti əkin üçün üzvi gübrə rolunu oynayır. Mütəxəssis Soltanəhməd Dostuyev deyir ki, pambıq bitkisi mil kök olduğu üçün, boyu qədər də kökü torpağa gedir: “Ona görə də torpaq yumşaq olmalıdır ki, pambıq inkişaf edə bilsin. Elə bu məqsədlə qış şumunun dərinliyi də diqqət yetirilməsi önəmli məqamdır”.
Fermer Natiq Teymurov builki hava şəraitinin əkin üçün əlverişli olduğunu söyləyir. Bildirir ki, qarlı və şaxtalı hava torpağa əlavə güc verdi. “Şum aparmaq üçün çox əlverişli havadır. Şaxtanın olması da ziyanvericilərin məhv olmasına təkan verdi. Şaxta nə qədər çox olarsa, zərərvericilər bir o qədər çox məhv olur. Nəticədə məhsul vaxtı zərərverici olmur. Bu şərtlər gələcəkdə bol məhsul götürməyə imkan verir", - deyə o vurğulayır.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, 2022-ci ildə Sabirabadda 11 min 696 hektar sahədən 35 min 601,68 ton məhsul tədarük olunub və hər hektara düşən məhsuldarlıq isə 30,44 sentner olub.
Hazırda indiyədək rayonda 20 min hektardan çox sahədə qış şumu aparılıb və işlər davam etməkdədir.

Kənd təsərrüfatı 2023-02-02 12:09:00