×
A
A
A
Sazlamalar

Tərlan Qorçu: Teatrımızın binasının konsepsiyasında sanki zaman ekskursiyası yer alır

Bakı, 31 yanvar, Emil Məlikov, AZƏRTAC

Bakı Marionet Teatrının özünəməxsus və fərqli üslublu binasını 30 il bundan əvvəl özüm seçmişdim. Bina XIX əsrin ortalarında inşa edilib və Səlimxanovlar ailəsinə məxsus olub. İnqilabdan sonra binanın sahibi dəyişib. Əvvəllər burada çox güclü yanğın baş verib və nəticədə bina tamam yararsız hala düşüb. Təmir-restavrasiya işlərinə isə həddindən çox maliyyə tələb olunurdu. Binanın təmiri və restavrasiyası, ən əsas da marionet teatrına uyğunlaşdırılması çox uzun bir vaxt aldı. Hətta bu binada vaxtilə yaşamış insanlar gəlib tamaşaya baxaraq xoş xatirələrlə buradan ayrılırlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu deyib.
“Təmir işlərinə başladığımız zaman istəyirdim ki, bura marionet teatrının konsepsiyasına uyğun qeyri-adi bir məkan olsun. Öyrəşdiyimiz ənənəvi sovet üslublu teatrlar kimi olmasın. Düşünürəm ki, istəyimizə nail ola bildik. Binamızın açılış günü - 2016-cı il dekabrın 24-də Prezident İlham Əliyevin öz doğum günündə birinci xanım Mehriban Əliyeva ilə birgə Bakı Marionet Teatrının qonağı olması bizim üçün çox qürurverici idi. Elə həmin ərəfədə Bakı Marionet Teatrı olaraq “Leyli və Məcnun” tamaşasının premyerasını keçirdik. Teatrımızın bu fərqli, gözəl binası dörd mərtəbədən ibarətdir, üç fundamental mərtəbə və dördüncü son mərtəbə isə şüşə konstruksiyalı əyləncə, tədbirlər üçün geniş zal. Binanın konsepsiyasında sanki zaman ekskursiyası yer alır. Birinci mərtəbə XVIII əsri xatırladır. İkinci mərtəbəyə qalxdıqda isə müasirliklə üzləşirsən və ondan sonrakı digər mərtəbələr isə daha müasir ab-hava yaradır. Bina qədim aksesuarlar, bəzək əşyaları və teatrın üslubuna uyğun kuklalarla zəngin olduğu üçün bizim teatra tamaşaya baxmağa gələnlər eyni anda həm də özlərini muzeyə gəlmiş kimi hiss edirlər. Tamaşaçılarımızın əksər hissəsini də əcnəbi qonaqlar təşkil edir. Buna əsas səbəb repertuarımızda olan tamaşaların Azərbaycan mədəniyyətini tərənnüm edən klassik opera nümunələri olmasıdır. Eyni zamanda teatrımızın tamaşalarında Şərq mədəniyyəti hiss olunur, həmçinin musiqili opera tamaşaları olduğu üçün səhnə əsərlərinin tərcümə olunmasına ehtiyac qalmır. Tamaşalarımız anşlaqla keçir, biletlər 1 ay əvvəlcədən satılır. Azərbaycanda da Marionet Teatrının olması ölkəmizin adını dünya mədəniyyətində önə çıxarır”, - deyə teatrın təsisçi-rəhbəri qeyd edib.

Teatr və kino 2023-01-31 18:08:06