×
A
A
A
Sazlamalar

Tərlan Qorçu: Yeni kadrları özümüz öyrətməli oluruq

Bakı, 31 yanvar, Emil Məlikov, AZƏRTAC
Əfsuslar olsun ki, nəinki marionet teatrı üzrə, hətta adi kukla teatrları üzrə ölkəmizdə, eləcə də dünyada ali təhsil ocaqlarında ixtisaslaşmış tədris mexanizmi yoxdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sadəcə ənənəvi aktyor sənəti üzrə fakültələr var. Kukla teatrları üzrə rəssamlar da hazırlanmır, təhsil nöqteyi-nəzərdən bu istiqamətdə hələ ki, tədris metodikası yoxdur. Buna görə də biz məcbur oluruq tədris prosesini elə teatrda keçək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu deyib.
“Marionet kuklalarının idarə olunmasının öz çətinlikləri, xüsusi texnikası var və bunları bizim teatrda işləmək istəyən kadrlara öyrədirik. Teatrımız 30 ildən çoxdur ki, fəaliyyət göstərir və bu illər ərzində bir neçə aktyor nəsli bizimlə eyni yolu keçib. Sənət ocağında hazırda həm yaşlı, həm də cavan aktyorlar çalışırlar. Teatrımızda birinci nəsil marionet aktyorlarına kuklalarla işləmək texnikasını mən öyrədirdim, indi isə bu prosesi onlar özləri yeni nəsil aktyorlara öyrədirlər. Mütəmadi olaraq digər ölkələrin teatr nümayəndələri, mütəxəssisləri ilə görüşüb bu istiqamətdə söhbətlər, debatlar aparırıq”, - deyə T.Qorçu bildirib.

Teatr və kino 2023-01-31 16:50:20