×
A
A
A
Sazlamalar

Tərlan Qorçu: Bu il yenidən Fransaya mötəbər festivala dəvət olunmuşuq

Bakı, 31 yanvar, Emil Məlikov, AZƏRTAC
Teatrımızın qastrol səfərləri ilk dəfə 1990-cı ildə Fransadan başladı, elə ilk tamaşamızı da orada nümayiş etdirdik. Onda Marionet Teatrının hazırladığı “Arşın mal alan” tamaşasını ölkəmizdə izləyən olmamışdı. Uzun illər səhnəmiz olmadığından əsasən qastrol səfərlərinə gedirdik. Əsasən də səfərlərimiz Avropa ölkələrinə olurdu, çünki orada marionet teatrlarını daha çox sevirlər. Bu teatrların repertuarı əsasən opera və musiqili tamaşalardan ibarətdir. Bu səbəbdən də marionet teatrlarını böyüklər üçün olan teatr da adlandırmaq olar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbəri və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu deyib.
“Fransadan başlayaraq, Polşa, İsveçrə, Almaniya və bir çox ölkələrdə tamaşalar göstərmişik. Hətta Amerikada da olmuşuq. Sonuncu qastrol səfərlərimizə gəlincə isə, “Leyli və Məcnun” tamaşamızın premyerasından sonra biz yenidən Fransaya mötəbər “Şarlövil Mezyer Beynəlxalq Marionet Teatrları Festivalı”na dəvət aldıq. İlk dəfə idi ki, ölkəmiz bu cür nüfuzlu festivalda iştirak edirdi. Təbii ki, orada “Leyli və Məcnun” tamaşasını göstərdik və çox böyük təntənə, sevgi və hörmətlə qarşılandıq. Festivaldan 4 ay əvvəl tamaşamıza olan biletlərin hamısı satılmışdı. Həmin festivala çox teatrlar qatıldığından və zaman çərçivəsi çox dar olduğundan iştirakçılar öz tamaşalarını cəmi 1-2 dəfə göstərə bilirdilər. Azərbaycandan ilk dəfə gəlmiş və hələ heç kimə məlum olmayan bir teatra 4 tamaşa göstərmək təklif olundu”.
Fransadan sonra Xorvatiyada da bir neçə tamaşanı böyük müvəffəqiyyətlə təqdim etdiklərini vurğulayan T.Qorçu deyib ki, bir neçə başqa ölkələrdən də təkliflər almalarına baxmayaraq məlum pandemiya səbəbindən səfərlərini təxirə salıblar. “Bu ilin sentyabrında yenidən Fransaya nüfuzlu festivala dəvət almışıq. Bizim teatr kimi öz üslubu (yaxın Şərq estetikası) olan teatrlar yox səviyyəsindədir və buna görə də bizə qastrol səfərləri üçün dəvət almaq elə də çətin deyil. Sadəcə olaraq bu səfərlərə getməyin özü çətin və əziyyətli bir prosesdir. Bunun üçün əvvəlcədən teatrda nümayiş olunan yerli tamaşalar dayandırılır, kuklalarla birgə hər bir detallar, tamaşada istifadə olunan bütün avadanlıqlar, hətta işıq setinə kimi aparılır. Çünki orada bizi qane edəcək və bizim tamaşanın konsepsiyasına uyğun səviyyədə işıq avadanlıqları olmur. Buna görə də biz qastrol səfərlərimizə öz teatrımızın ən müasir kompüter sistemli işıq avadanlıqları ilə getməli oluruq. Bu da çox ağır və əziyyətli prosesdir. Buna görə də qastrol səfərləri üçün bir çox ölkələrdən dəvətlər alsaq da bəzilərinə gedə bilmirik. Bizim Bakı Marionet Teatrına böyük maraq var və beynəlxalq festivallardan hər zaman mütəmadi olaraq dəvətlər alırıq”, -deyə teatrın təsisçi-rəhbəri qeyd edib.

Teatr və kino 2023-01-31 12:31:38