×
A
A
A
Sazlamalar

Tərlan Qorçu: Təxminən bir marionet kuklasının hazırlanması 7-10 min dollara başa gəlir

Bakı, 30 yanvar, Emil Məlikov, AZƏRTAC
Marionet kuklalarının hazırlanmasına uzun vaxt tələb olunur. Bu prosesdə sona kimi bir nəfər usta iştirak etmir. Bir kuklanın ərsəyə gəlməsinə azından dörd tamam fərqli sənət adamları, mütəxəssislər cəlb olunurlar. Bir usta taxtadan kuklaları bütövlükdə cilalayır, digəri hərəkət-idarə sistemini yığıb formaya salır, başqa mütəxəssis onun geyimini, aksesuarlarını hazırlayır və başqa biri isə kuklanın vizual bəzədilməsi, boyanması işi ilə məşğul olur. Bu mütəxəssisləri bir yerə yığmaq çox çətindir. Olur ki, bu tip işlərdə bəzi məsələləri özümüz həll edirik, bəzilərinin həlli üçünsə xarici ölkə teatrlarına müraciət edirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu deyib.
“Biz “Leyli və Məcnun” tamaşası üzərində işləyərkən kuklaları müxtəlif ölkələrdə bir neçə mütəxəssisin köməyi ilə hazırlamışıq. Ümumilikdə isə bədii və texniki nəzarət, eləcə də kuklaların son yığma işləri bizim tərəfimizdən aparılır. Xüsusən qeyd etmək istərdim ki, tamaşada hər bir personaj üçün hazırlanan kuklalar hərəsi ayrı bir zaman müddətində ərsəyə gətirilib. Misal üçün, “Leyli və Məcnun” tamaşasında Məcnun kuklası 2 aya hazırlanıbsa, Leyli kuklasının tamamlanmasına 6 ay vaxt sərf olunub. Hər bir kuklanın baş hissəsinin hazırlanmasına həftələrlə vaxt gedir. Əgər kukla tamaşanın konsepsiyasına uyğun gəlmirsə, prosesi yenidən başlamalı oluruq. Bu isə təbii olaraq xeyli vaxt alır. Burada hansısa bir normativ olmadığı üçün kuklaların konkret hazırlanma müddəti də dəqiq bilinmir. Ümumiyyətlə dünyada keyfiyyətli marionet kuklası hazırlayan 2-3 mütəxəssis var. Təxminən bir marionet kuklasının hazırlanması 7-10 min dollara başa gəlir”, -deyə teatrın təsisçi-rəhbəri qeyd edib.

Teatr və kino 2023-01-30 17:24:20