×
A
A
A
Sazlamalar

Tərlan Qorçu: Marionet teatrlarında bir tamaşa 3-5 il ərzində hazırlanır və çox zəhmət tələb edir

Bakı, 30 yanvar, Emil Məlikov, AZƏRTAC
Öz repertuarı olan və bütün dünyada tanınan cəmi 5-6 Marionet teatrları var. Buna misal olaraq Avstriyada Volfqanq Amadey Motsartın əsərlərinə səhnə quruluşu verən Marionet Teatrını, həmçinin İtaliyadakı Marionet Teatrını göstərmək olar. Bizim yaxın qonşularımızdan Gürcüstanda da tanınmış ssenarist, yazıçı-dramaturq, rejissor Rezo Qabriadzenin yaratdığı belə bir teatr fəaliyyət göstərir. Bizdə isə tarixən Marionet Teatrı səhnəsi olan teatr kimi heç vaxt fəaliyyət göstərməyib, sadəcə ənənəvi kukla teatrları olub. Ölkəmizdə ilk Marionet Teatrı da mənim təsis etdiyim teatrdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu deyib.
“1985-1986-cı illərdə Tiflisə “Kukla teatrları” festivalına getdim və o zaman orada Marionet Teatrı yeni yaradılmışdı. Onların repertuarında olan bir tamaşanı izlədim və bu mənə çox müsbət təsir etdi. Qərara gəldim ki, mütləq Azərbaycanda da belə bir teatr açmaq lazımdır. Bakıya qayıtdıqdan sonra məşhur teatr rəssamı Elçin Məmmədov və bəstəkar Cavanşir Quliyevlə birgə “Arşın mal alan” tamaşası üzərində işə başladıq. Tamaşanı təxminən 4 ilə hazırlayıb bitirə bildik. O zamanlar ölkəmizdə bu sahənin texnikasını yaxşı bilən mütəxəssis yox səviyyəsində idi, buna baxmayaraq mükəmməl bir iş ortaya qoyduq. 1988-ci il aprelin 20-dən rəsmi olaraq ölkəmizdə Marionet Teatrı fəaliyyət göstərməyə başladı. Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində yaradılan teatrımızın ilk tamaşası Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası olub. Daha sonra 1993-cü ildə Marionet Teatrı Bakı bələdiyyəsinin nəzdinə verildi. 2013-cü ildən isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil edildi. Nəhayət 2016-cı il dekabrın 24-də isə ölkə başçısının və birinci xanımın iştirakı ilə teatrımızın binasının açılışı oldu”.
Üzeyir Hacıbəylinin yaradıcı irsini təbliğ etmək Marionet Teatrının əsas məqsədlərindən biri olduğunu vurğulayan T.Qorçu 1990-cı ildə Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Arşın mal alan” tamaşasını ilk dəfə Fransada nümayiş etdirdiklərini bildirib: “Dünyada Marionet teatrlarının çox az sayda olması tamaşaların uzun müddət ərzində ərsəyə gəlməsi ilə bağlıdır. Bəzən bir tamaşa bu teatrlarda 3-5 il ərzində hazırlanır və çox zəhmət tələb edir. Bura, həmçinin kuklaların, dekorasiyaların və kuklalarla bağlı rekvizitlərin hazırlanması, eləcə də digər bu kimi işlər aiddir. Bunlar hamısı əl işi olduğu üçün də çox dəyərlidir və hazırlanmasına uzun bir vaxt tələb olunur. Marionet kuklaları çox kiçik ölçüdə olduğu üçün tamaşa zalı da kiçik olmalıdır ki, izləyicilər kuklaları rahat görə bilsinlər. Bizim zal 50 nəfərlikdir və belə olduğu halda da teatr çox qazanc əldə edə bilmir. Bunun üçün də Marionet teatrlarına dövlət qayğısı vacib amillərdəndir”, - deyə Tərlan Qorçu bildirib.

Teatr və kino 2023-01-30 13:03:14