×
A
A
A
Sazlamalar

MDB ölkələrinin ekspertləri ictimai səhiyyə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakı, 24 yanvar, AZƏRTAC

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Dövlətlərarası ictimai səhiyyə və səhiyyə informasiyası Təsisatları Şəbəkəsinin iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclas iştirakçıları təşkilati-kadr məsələlərini müzakirə edib, İdarəetmə Şurasını formalaşdırıb, təsisatlar şəbəkəsinin sədrini seçiblər.
Qeyd etmək lazımdır ki, təsisatlar şəbəkəsində sədrlik rotasiya prinsipi əsasında növbə ilə hər bir iştirakçı dövlət tərəfindən həmin dövlətin nümayəndəsinin şəxsində həyata keçirilir. 2023-cü ildə şəbəkənin işi Qırğız Respublikasının sədrliyi ilə həyata keçiriləcək.
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əhalisinin sağlamlığı” Strategiyasının reallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib. Təəssüf ki, bütün dünyada qeyri-infeksion xəstəliklərin artması müşahidə olunur. Bütün ölüm hallarının təqribən 70 faizinə səbəb bu xəstəliklərdir. Bununla əlaqədar, həmin sənədin reallaşdırılması ilə bağlı milli hədəf indikatorlarının monitorinqi və təhlili Birlik üzvü olan dövlətlərin səhiyyə nazirlikləri tərəfindən xüsusi nəzarətdədir. Bu mövzu Şəbəkənin İş Planına daxil edilib. İşin yekununa dair məruzə MDB-də səhiyyə sahəsində əməkdaşlıq şurasının üzvlərinə təqdim ediləcək.
İdarəetmə Şurasının üzvləri cari il üçün İş Planı tərtib ediblər. Səhiyyə sistemlərinin kadr təminatı və fasiləsiz tibbi təhsil, ilkin tibbi-sanitar yardımın səmərəsinin artırılması və bir sıra başqa məsələlərə xüsusi diqqət yetiriləcək.

Səhiyyə 2023-01-24 16:42:00