×
A
A
A
Sazlamalar

“Avatar 2: Suyun yolu” filmi növbəti uğura imza atıb

Bakı, 16 yanvar, AZƏRTAC

“Avatar 2: Suyun yolu” fantastik filmi dünya üzrə 1,9 milyard dollardan çox gəlir əldə edib. Beləliklə, gəlir üzrə iki milyard dollar həddi keçmək perspektivi gerçəkləşdikcə, ekran əsərinin əvvəlcədən elan edilmiş bir neçə bölümünün istehsalına başlanılması da reallaşa bilər.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında filmin rejissoru Ceyms Kameron söyləyib. O təsdiqləyib ki, gələcəkdə tamaşaçıları oda sitayiş edən aborigen tayfaları ilə də tanış etmək niyyətindədir. O, od mövzulu “Avatar 3” bölümünün də ola biləcəyini açıqlayıb.
"Filmin növbəti bölümündə od simvolik məqsəd daşıyır və xüsusi olaraq bu konsepsiya ətrafında qurulmuş bir mədəniyyətə toxunulacaq. Hələlik bu barədə təkcə bunu deyə bilərəm ki, növbəti filmdə izləyicilərin iki tamamilə yeni mədəniyyətlə tanış olmaq imkanı olacaq. Biz artıq Omatikaya və Metkayina ilə görüşmüşük. Növbəti filmdə isə siz Pandora dünyasında bir az daha sərbəst olan digər mədəniyyətlərlə də tanış olacaqsınız”, - deyə rejissor şərh edib.
Qeyd edək ki, “Avatar 3”ün nümayişi 2024-cü ilin dekabrında gözlənilir.

Teatr və kino 2023-01-16 14:39:38