×
A
A
A
Sazlamalar

Salyanlı fermerlərin yonca əkininə marağı artıb - bağlamanın qiyməti 3.50-5 manat arasında dəyişir VİDEO

Salyan, 16 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC

Salyanda texniki bitkilərlə yanaşı, yemçiliyin inkişafına da önəm verilir. Bu məqsədlə hər il rayon ərazisində yeni yonca sahələri salınır.
AZƏRTAC xəbər verir ki, Salyanda yem istehsalı ilbəil çoxalır. Biçin vaxtı yüksək məhsul toplayan fermerlərin yonca əkininə marağı daha da artıb. Hazırda əkinçilər yonca sahələrində yaz fəsli üçün ciddi hazırlıq işləri görürlər.
Fermer Ramil Məmmədovun iki hektar yonca sahəsi var. Onun sözlərinə görə, sahədən il ərzində təxminən min bağlama ot götürür: “Bağlamaları həm öz heyvanlarımıza veririk, həm də qışda satış üçün saxlayırıq. Qiyməti 3.50-5 manat arasında dəyişir. Həmçinin yonca sahəsində öz heyvanlarımız otlayır”.
Fermerlər onlara göstərilən dövlət dəstəyindən də razıdırlar. Subsidiya, gübrə, lazım olan toxum və avadanlıqları vaxtında alan torpaq sahibləri bütün bunların ölkə ərazisində yemçiliyin inkişafına müsbət təsir etdiyini bildirirlər.
Yonca uzunömürlü bitki olduğundan onun satışı təsərrüfatçıların sosial rifah halının yaxşılaşmasında mühüm rol oynayır. Fermer Rəsul Cəbiyev: “Üç il əvvəl iki hektar sahədə yonca əkmişəm. Çox sərfəlidir. Bir ildə dörd dəfə biçirsən. Ümumiyyətlə yonca 7 illik bitkidir. Satışına gəldikdə, qiymətlər hər il dəyişir. Hazırkı qiymət məni qane edir”.
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin böyük məsləhətçisi Kamran Babaşov bildirib ki, Salyan rayonunda ən çox əkilən bitki yoncadır. Belə ki, rayonda 16 min 744 hektar yonca sahələri var. Bunun 1462 hektarı təzə yonca, yerdə qalanı isə köhnə yonca sahəsidir.
Qeyd edək ki, yem bazasının gücləndirilməsi məqsədilə əkilən yonca bitkisi rayonun əsasən Ərəbqardaşbəyli, Kürqaraqaşlı, Şorsulu, Dayıkənd və Qızılağac kəndlərində becərilir. Fermerlər yoncanın rayon üçün xarakterik olan “Qızılağac” sortunun əkininə daha çox üstünlük verirlər.

 

Kənd təsərrüfatı 2023-01-16 13:12:22

Video