×
A
A
A
Sazlamalar

Risk qrupunda olanların qripə qarşı peyvənd vurdurması məsləhətdir

Bakı, 13 yanvar, AZƏRTAC
Son günlər virusa yoluxanlar arasında xəstəliyin əlamətləri yüksək temperatur, halsızlıq, iştahanın olmaması, baş və bel ağrılarından ibarətdir. Mütəxəssislərin dediyinə görə, influenza adlanan virus daha çox payız və qış aylarında aktivləşir. Neçə illərdir ki, həmin virus fərqli əlamətlərlə xəstəlik törədir. Həmin xəstəliklərin profilaktikasında ən əhəmiyyətli vasitə hər il qrip peyvəndi olunmaqdan ibarətdir. Həkimlər xəstəliyin əlamətlərinin görüldüyü ilk 48 saatda başlanan müalicələrin daha səmərəli olduğunu bildirirlər.
AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Nəzrin Mustafayeva deyib: “İnfluenza virusuna qarşı səmərəliliyi sübuta yetirilmiş və illərdən bəri istifadə olunan peyvəndlər mövcuddur və hər il həmin peyvəndlər yenilənərək peyvənd proqramına daxil edilir. Hazırda ölkəmizdəki dövlət tibb müəssisələrində influenza virusuna qarşı peyvənd var. Əsasən yüksək risk qrupuna daxil olanların – uşaqlar, yaşlılar, hamilələr və COVID xəstəliyi olanların mütləq şəkildə influenza virusuna qarşı peyvənd vurdurması məsləhət görülür”.
COVID-19 virusu ilə əlaqədar mütəxəssislər qeyd edirlər ki, yeni yoluxma və ölüm halları azalsa da, təhlükə tam olaraq aradan qalxmayıb. Bunun əsas səbəbi virusun mutasiya edərək dəyişməsi ilə əlaqədardır, yəni yeni variant əvvəlki ştamlardan fərqli xüsusiyyətlər kəsb edir. Müxtəlif ölkələrdə virusa qarşı fərqli immunlaşma səviyyəsi mövcud olduğundan bu variantın bütün ölkələrdə yeni bir dalğaya səbəb olacağı proqnozlaşdırılmır. Azərbaycanda isə omikron XBB.1.5 yeni ştamı qeydə alınmayıb.

Səhiyyə 2023-01-13 15:52:00